Azərbaycan

19 aprel 1905 – Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.

19 aprel 1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940) müəllifidir.

19 aprel 1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 - 5.12.1996) Zaqatalada anadan olub.

 

20 aprel 1894 – Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 – 14.2.1980) Naxçıvanda doğulub. “Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” və s. filmlərin rejissorudur.

20 aprel 1906 – Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 – 3.12.1953) anadan olub.

20 aprel 1907 – Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. “Leninqrad göylərində”, “Abşeron torpağında”, “Natəvan” poemaları, “Xaqani” mənzum dramının müəllifidir.

20 aprel 1916 – Xalq artisti Nəsibə Cahangir qızı Zeynalova (1916 – 10.3.2004) anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Qayınana” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

20 aprel 1920 – Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 – 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, “Aycan”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.

20 aprel 1926 – Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub.

21 aprel 1931 – Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 - 12.9.2014) Bakıda doğulub. “Moskonsert”in solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.

 

Dünya

 

19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə yazıb.

19 aprel 1900 – İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes; 1900-1976) anadan olub. İlk radiopyeslərin, “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.

 

21 aprel 1816 – İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli” və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN