Yeni nəşr şəhid İlkin Seyidovun həyat yoluna işıq salır
Aprelin 18-də Milli Kitabxanada şəhid İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən “Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi. Kitab Mədəniyyət Nazirliyi və “Bakı xəbər” qəzetinin birgə layihəsi əsasında “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən nəşr olunub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış sözündə bildirdi ki, yeni nəşr Sədərək rayonunun ilk şəhidi – xüsusi təyinatlı polis əməkdaşı İlkin Seyidovun həyat yoluna işıq tutur. Direktor torpaqlarımızın işğal altında olduğu bir zamanda belə kitabların vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyətini vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev vətən uğrunda canından keçən insanlar haqqında yazılan kitabların əhəmiyyətini vurğuladı. Bildirdi ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Respublika Xatirə Kitabı” redaksiyası qəhrəman vətən övladlarının xatirəsini əbədiləşdirmək üçün çoxsaylı nəşrlər ərsəyə gətirib. Bu silsilədən indiyə kimi 17 kitab nəşr olunub.
Nazirin birinci müavini qeyd etdi ki, “Respublika Xatirə Kitabı” redaksiyasının hazırladığı nəşrlər Qarabağ döyüşlərində həlak olan insanlarla yanaşı, II Dünya müharibəsi, Əfqanıstan müharibəsi və 20 Yanvar faciəsi zamanı şəhid olan vətən övladlarının da həyatından bəhs edir: “Təbii ki, belə məlumatları toplamaq böyük zəhmət tələb edir. Lakin bu işlərdə dövlətimiz öz köməyini göstərir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə 1997-ci ildən başlayaraq bu redaksiya daha fəal, daha əhatəli işlər görüb. Bu gün təqdim olunan kitab da tarix baxımından əhəmiyyət kəsb edir. Çünki 90-cı illərdən sonra dünyaya gələn uşaqlar Azərbaycanı işıqlı, güclü, inkişaf etmiş görüblər. Bu insanlar bilməlidir ki, bu işıqlı və gözəl günə hansı mübarizə və yollardan keçib gəlmişik. Məhz belə kitablar, 23 yaşlı şəhid İlkinin həyatından bəhs edən bu nəşr gənc nəslə tarixi həqiqətlər haqqında məlumat verəcək. Şəhidlərimiz haqqında kitab yazmaq, onlara abidə ucaltmaq böyük önəm kəsb edir. Biz bu gün sakit və firavan yaşayırıqsa, şəhidlərimizə borcluyuq”.
Vaqif Əliyev Mədəniyyət Nazirliyi adından kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən tarix elmləri doktoru Solmaz Tohidi, millət vəkili Aydın Mirzəzadə, Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Əflatun Həsənov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, yazıçı Şəmistan Nəzirli və başqaları nəşrin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu seriyadan nəşrlər məktəblilərin stolüstü kitabına çevrilməlidir. Çünki bu nəşrlər dövrümüzün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Vurğulandı ki, bu gün dövlətimiz şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür.
Çıxışlarda şəhid İlkin Seyidovun döyüş yolundan söz açıldı, onunla bağlı xatirələr dilə gətirildi.
Təqdimatın sonunda “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və şəhidin adını yaşadan qardaşı oğlu İlkin Seyidzadə təqdimata qatılan və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini ifadə etdilər.
Qeyd edək ki, kitabın müəllifi publisist Fəridə Rəhimli, redaktoru Zülfüqar Şahsevənlidir.
LALƏ