Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrın yaradıcılarından biri olan Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunub.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova və muzeyin filial müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, ictimai fəaliyyətindən bəhs ediblər.
Xalq artisti Canəli Əkbərov Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında əsas partiyada çıxış etməsi, bəstəkarın oğlu maestro Niyazinin onun yaradıcılığında əvəzsiz yeri haqqında danışıb.
Bədii hissədə Əməkdar artist, tarzən Elxan Mansurovun müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Səbuhi İbayev “Aşıq Qərib” operasından duet ifa ediblər. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın, Azərbaycan Dövlət Fortepiano Triosunun (əməkdar artistlər Töhfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova), Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Aslan Carçılının ifalarında Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Soltan Hacıbəyovun əsərləri səslənib.