Aprelin 25-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş konsertmeyster ustalığı üzrə respublika müsabiqəsinin açılış mərasimi olub.

Tədbirdə BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin müsabiqə iştirakçılarına ünvanlanmış salamlama məktubu oxunub.

Sonra Xalq artisti Kamilla Hüseynovanın bədii rəhbərliyi ilə müsabiqənin münsiflər heyəti təqdim edilib.

Tədbirdə BXA-nın fəaliyyəti barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, 90 ilə yaxın təhsil və sənət ənənələri olan Bakı Xoreoqrafiya Məktəbinin bazasında 2014-cü ildə ölkə Prezidentinin müvafiq sərəncamı ilə yeddi təhsil pilləsini, o cümlədən ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavriat, magistratura, doktoranturanı özündə birləşdirən Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılıb. Akademiya qarşısında duran mühüm vəzifələrdən biri də xoreoqrafiya sənəti ilə yanaşı, onunla sıx əlaqədə olan ixtisas və sənət sahələrinin təlim-tədrisini və tədqiqini həyata keçirməkdir. Musiqi sənəti, musiqi ifaçılığı da bu baxımdan ən mühüm sənət sahələrindən biridir. Xoreoqrafiya sənəti üçün yüksəkixtisaslı konsertmeysterlərin hazırlanması günün zəruri tələbidir və müsabiqə də buna xidmət edir.

Müsabiqənin əsas məqsədi klassik və milli rəqs üzrə xüsusi təyinatlı konsertmeyster hazırlığı, Azərbaycan konsertmeyster ifaçılığı sənəti ənənələrinin qorunması və təbliği, konsertmeysterlərin yaradıcılıq qabiliyyətlərinin müəyyən edilməsi və peşə bacarıqlarının artırılmasıdır.

Sonra tədbir “La performance dei maestro” adlı konsert proqramı ilə davam edib.