Aprelin 24-də Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası (İBBY) İran milli bölməsinin əməkdaşı, uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub.

Xanım Nəsim Yusefi “Mənimlə oxuyun” layihəsi əsasında beynəlxalq proqram hazırlayaraq müxtəlif məkanlarda (uşaq bağçası, uşaq xəstəxanaları, kitabxanalar) həyata keçirir. Bununla yanaşı, layihə əsasında uşaq mütaliəsinə rəhbərlik edənlərə və bədii qiraətçilərə ustad dərsləri verir.

Qonaq kitabxanada uşaqlara Minu Əmirqasıminin “Xoruz və pişik”, “Hamıdan böyük kimdir?” nağıllarını oxuyub. Oxunan nağıllar əsasında uşaqlarla diskussiya keçirilib, məktəblilər tərəfindən nağıllara rəsmlər çəkilib.

Xanım Nəsim Yusefi kitabxanada olarkən azərbaycanlı uşaq yazıçılarından Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Solmaz Amanova və Elvira Məmmədova ilə görüş keçirib. Görüşdə uşaq ədəbiyyatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Nəsim Yusefiyə Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı və uşaq yazarlarının kitabları hədiyyə olunub.