Müqəddəs Ramazan ayı mayın 6-da başlayır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası ilahi rəhmət və bərəkət qapılarının açıldığı müqəddəs Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edir, Allah-Təaladan dua və ibadətlərimizin qəbul olunmasını diləyir.

İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. Qadir Allah “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurub: “Ey iman gətirənlər, Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!”

Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. İlahi məğfirətin bol olduğu Ramazanda Qurani-Kərimi oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur.

QMİ bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, dindarlarımız başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər.

Ramazan ayı iyunun 4-dək davam edəcək. 5-6 iyun Azərbaycanda Ramazan bayramıdır.