Azərbaycan musiqişünaslıq elminin inkişafında mühüm rol oynayan alimlər arasında Xalq artisti, professor Ramiz Zöhrabovun özünəməxsus yeri var. O, ömrünü muğam sənətinin elmi əsaslarla öyrənilməsi və təbliğinə həsr edib. Bu il mərhum musiqişünasın anadan olmasının 80 illiyidir.
Ramiz Fərzulla oğlu Zöhrabov 2 may 1939-cu ildə Bakıda anadan olub. 1958-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki Orta ixtisas musiqi məktəbini bitirir. Konservatoriyanın İfaçılıq fakültəsinin simli alətlər şöbəsində təhsilini davam etdirir, 1965-ci ildə musiqişünaslıq ixtisası üzrə ali təhsilini başa vurur. Həmin il Gəncə şəhərindəki Q.Hüseynli adına Orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi əmək fəaliyyətinə başlayır. Bir il sonra Bakıya dönür və Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində çalışır.
R.Zöhrabov 1969-cu ildən Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında fəaliyyət göstərib. 1990-2012-ci ilədək Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. 1974-cü ildə sənətşünaslıq namizədi, 1994-cü ildə sənətşünaslıq doktoru elmi dərəcəsi alıb.
Alim gərgin yaradıcılıq axtarışlarının nəticəsi olaraq şifahi ənənəli Azərbaycan professional musiqi janrlarının nəzəri problemlərinə, Azərbaycan bəstəkarlarının yaradıcılığına dair 20 kitabın, 350 elmi-publisistik məqalənin, eyni zamanda bir sıra musiqi əsərlərinin müəllifidir. 1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Muğam”, “Bəstəkarlarımızın portreti” kitabları musiqi ictimaiyyətinin diqqətini cəlb edib. Onun “Azərbaycan modal musiqisi”, “Çahargah” muğamının nəzəri əsasları” kitabları da Azərbaycan musiqişünaslıq elminin diqqətəlayiq nümunələrindəndir. R.Zöhrabov “Azərbaycan musiqi ədəbiyyatı”, “Şifahi ənənəli Azərbaycan professional musiqisi” adlı dərsliklərin də müəllifidir.
Musiqi yaradıcılığı ilə də məşğul olan R.Zöhrabov xalq çalğı alətləri orkestri üçün “Bayram lövhələri”, “Uşaq səhnələri”, “Ərdəbil lövhələri” süitaları, instrumental pyeslərini yazıb. Müəllifin müxtəlif mahnıları da məşhur müğənnilər, uşaq xoru və solistlər tərəfindən maraqla ifa olunub.
R.Zöhrabovun müəllifi və aparıcısı olduğu “Bəstəkarlarımızın portreti”, “Sənətə həsr olunmuş ömür”, “Poeziya və musiqi”, “Romans axşamı”, xüsusilə “Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti haqqında”, muğam dəsgahlarına həsr edilən verilişlər bu gün də musiqisevərlərin yaddaşındadır. O, həmçinin xanəndələrin ifasında yüz təsnifi, 9 zərbi-muğamı ansambl ifasında nota köçürüb.
Sənətkar muğam sənətinin təbliğində də mühüm rol oynayıb. Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib. Müsabiqə iştirakçılarına və tamaşaçılara muğam sənətinin incəlikləri haqda məlumat verib. Alim Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı layihələrində yaxından iştirak edib.
R.Zöhrabov Təhsil Nazirliyi Elmi-Metodiki Şurası İncəsənət və musiqişünaslıq bölməsinin sədri, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) Elmi şurasının, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin Bədii şurasının üzvü kimi çox geniş ictimai fəaliyyət göstərərək musiqi mədəniyyətimizin inkişafı naminə böyük səylə çalışıb.
Musiqi mədəniyyətimizin öyrənilməsi və təbliğinə mühüm töhfələr verən sənətkar Xalq artisti fəxri adına, “Şöhrət” ordeni və “Humay” milli mükafatına layiq görülüb. Ramiz Zöhrabov 23 aprel 2017-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV