Azərbaycan Milli Konservatoriyasında (AMK) istedadlı gənclərin estrada-vokal müsabiqəsinin yekun konserti keçirilib.

Konsert Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (TGTİ) və konservatoriyanın Tələbə gənclər təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən öncə layihənin rəhbəri Riad Cəbrayılov müsabiqə haqqında məlumat verib. Bildirib ki, ötən ilin dekabr ayından start götürən müsabiqə üç mərhələdən ibarət olub. İlk mərhələdə 100-dən çox iştirakçı qeydiyyata alınıb. Daha sonra ən yaxşı 30 iştirakçı müsabiqənin ikinci turunda çıxış edib. 14 ali təhsil müəssisəsində oxuyan ən yaxşı 16 iştirakçı müsabiqənin finalına – qala-konsertə vəsiqə qazanıb.

R.Cəbrayılov layihənin ərsəyə gəlməsində dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Kənan Sadıqov layihənin əhəmiyyətini yüksək qiymətləndirib, bu qəbildən müsabiqələrin operativlik, böyük məsuliyyət tələb etdiyini vurğulayıb.

Daha sonra konsert proqramı təqdim olunub. 16 nəfər gənc və istedadlı finalçının ifaları maraqla qarşılanıb.

Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə vokal üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Rauf Məmmədzadə birinci yerə, Anadolu Universitetinin (Türkiyə) tələbəsi Elçin Əliyev ikinci yerə, Azərbaycan Dillər Universitetinin tələbəsi Şahverən Babayev üçüncü yerə layiq görülüb. Estrada janrı üzrə ADA Universitetinin tələbəsi Kənan Əzimov birinci, Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Nadir Rüstəmli ikinci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi Mədinə Mirzəyeva üçüncü olub.

Sonda qaliblərə sertifikat və diplomlar təqdim edilib.