Azərbaycan

13 may 1929 – Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün əsərlərin, çoxsaylı təmsillərin müəllifidir.

13 may 1982 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 – 1982) vəfat edib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyalar və s. əsərlərin müəllifidir.

 

15 may 1893 – Görkəmli türkoloq alim, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb.

15 may 1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub.

15 may 1922 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operettaların müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. Azərbaycanın mədəniyyət naziri (1965-1971) işləyib.

15 may 1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

 

16 may 1992 – Kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. Filmləri: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır” və s.

 

17 may 1870 – Yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 - 11.12.1933) Şuşada anadan olub. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin müəllifidir.

 

Dünya

 

13 may 1840 – Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Safo” (roman), “Arlezianka” (pyes).  

13 may 1842 – İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842-1900) anadan olub.

 

14 may 1265 – İtalyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir.

14 may 1771 - İngilis filosofu Robert Ouen (Robert Owen; 1771-1858) anadan olub.

 

15 may 1567 – İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi; 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.

15 may 1848 – Rus rəssamı Viktor Vasnetsov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç bahadır”, “Çar İvan Qroznı” və s.

15 may 1862 – Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler; 1862-1931) anadan olub.

15 may 1891 – Rus yazıçısı Mixail Bulqakov (1891-1940) Kiyev şəhərində doğulub. Əsərləri: “Usta və Marqarita”, “Ağ qvardiya”, “İt ürəyi” (nəsr), “Qaçış”, “Turbinlər ailəsinin günləri”, “Zoykanın mənzili” (dram). Bir sıra əsərləri ekranlaşdırılıb.

 

16 may 1910 – Rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.

16 may 1915 – İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.

 

17 may 1873 – Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse; 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.

17 may 1904 – Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.

Hazırladı:  Vüqar ORXAN