Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən və ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilati dəstəyi ilə milli musiqi alətlərimiz – tar, kamança, qaval, balaban və tütək Almatı şəhərində yerləşən Xalq Musiqi Alətləri Muzeyinə hədiyyə edilib.
Bununla bağlı keçirilən təntənəli mərasimdə Almatı Şəhər Mədəniyyət Departamentinin müdir müavini Daniyar Aliyev çıxış edərək bildirib ki, ortaq tarixi kökə və dəyərlərə sahib olan Azərbaycanla Qazaxıstan arasında son illər mədəni əlaqələr daha da genişlənib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev iki qardaş xalqı dərin tarixi tellərin, mədəni-mənəvi əlaqələrin bağladığını, uzunmüddətli dostluğun qarşılıqlı hörmət və etimada əsaslandığını bildirib.
Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov çıxış edərək qonaqları nazir Əbülfəs Qarayevin adından salamlayıb və ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi üçün münbit zəmin olduğunu bildirib. O, Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verib, muzeyə hədiyyə olunan xalq musiqi alətlərinin özəllikləri və xüsusiyyətləri haqqında təqdimat keçirib.
Xalq Musiqi Alətləri Muzeyinin direktoru Uljan Baybusınova və Almatı Şəhər Azərbaycanlılar Assosiasiyanın sədri Qəhrəman Sadiyev çıxış edərək, belə əhəmiyyətli təşəbbüslə çıxış etdiyinə görə Azərbaycanın Qazaxıstandakı səfirliyinə və Mədəniyyət Nazirliyinə təşəkkür ediblər.
Çıxışlardan sonra Qazaxıstandakı azərbaycanlı icmasından olan musiqiçilər hədiyyə edilən musiqi alətlərində kiçik konsert proqramı təqdim ediblər.
Sonda alətlər muzeyin ekspozisiya zalına yerləşdirilib.