Azərbaycan

22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, pedaqoq, professor Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1984) Şuşada doğulub. Gəncə Dram, Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor olub. “Onu bağışlamaq olarmı?” filmində çəkilib.

22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928-2000) anadan olub.

22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. “Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim” və s. filmlərə musiqi yazıb.

 

23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib.

23 may 1919 – Xalq yazıçısı Hüseyn İbrahimov (1919 – 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

 

24 may 1863 - Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 – 31.8.1942) Şəkidə anadan olub. “Pul dəlisi”, “Saqqalın kəraməti”, “Diş ağrısı” və s. pyeslərin müəllifidir. Qori seminariyasında dərs deyib, dərsliklər yazıb.

24 may 1874 – Şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız şair və yazıçılarının əsərlərindən tərcümələrini 1912-ci ildə “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında çap etdirib.

24 may 1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.

24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ilk ifaçısı kimi tanınıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanıdır.

24 may 1898 – Cümhuriyyətçi publisist, dramaturq, tərcüməçi, ictimai xadim Mirzə Bala Məmmədzadə (1898 – 8.3.1959) Bakının  Zirə kəndində anadan olub.

24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn güllələnib, Ü.Sadıqzadə Mordoviyaya həbs düşərgəsinə göndərilib. 1944-cü ildə həbsdən qayıtdıqdan sonra vəfat edib.

24 may 1925 – Ədəbiyyatşünas, türkoloq, həkim Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.

24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948-2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında çalışıb. “Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Küçələrə su səpmişəm” və s. filmlərdə çəkilib.

 

Dünya

 

22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813-1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).

22 may 1859 – İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 1859-1930) anadan olub.

22 may 1891 – Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.

 

23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Varavva”, “Savilla” və s.

 

24 may 1899 – Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.

24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.

24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.

Hazırladı:  Vüqar ORXAN