Özbəkistanın “Mədəniyyət və Mərifət” telekanalında Azərbaycanın Quba və Şamaxı rayonları haqqında reportaj yayımlanıb.
Videomaterial Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Jurnalist Nazira Boymuradova Quba rayonu ərazisindəki abidələr haqqında məlumat verir. Bildirilir ki, Quba həm də xalça və kilimləri, eləcə də dadlı alması ilə məşhurdur. Reportajda Quba Soyqırımı Memorial Kompleksi haqqında da söhbət açılır. Kompleksin 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan minlərlə azərbaycanlının xatirəsinə ucaldıldığı diqqətə çatdırılır.
Jurnalist Qubadakı dəmirçi məhəlləsində Fəxrəddin Şükürovun emalatxanasında olub, onunla söhbət edib.
Verilişdə Azərbaycan xalçaçılıq sənəti haqqında da danışılır. Qeyd edilir ki, bu sənətin dörd min illik tarixi var. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaları haqqında məlumat verilir.
Nazira Boymuradova, həmçinin Şamaxıdakı qədim Cümə məscidi haqqında söhbət açır. Bildirilir ki, ermənilər 1918-ci ildə məscidi yandırıblar. Məscid Azərbaycan Prezidentinin sərəncamına əsasən 2010-2013-cü illərdə yenidən inşa edilib.