Bakıda gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirildi

Azərbaycan paytaxtının ev sahibliyi etdiyi beynəlxalq incəsənət layihələrinin sırasına daha biri əlavə olundu. İyunun 1-dən 4-dək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə  “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi keçirildi.

Müsabiqənin açılış mərasimindən əvvəl təşkil edilən mətbuat konfransında münsiflər heyəti media nümayəndələrinin suallarını cavablandırdı. Təşkilat komitəsinin sədri, Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbinin direktoru Gülnarə Səfərova müsabiqə haqqında geniş məlumat verdi. Bildirdi ki, 16 yaşına qədər iştirakçılar arasında dörd yaş kateqoriyasında (9-10; 11-12; 13-14; 14-16 yaş) keçirilən müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələri və musiqi kolleclərinin tələbələri iştirak edirlər.

Gənc pianoçuların çıxışlarını Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov (sədr), Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov, tanınmış pianoçu və musiqi tənqidçisi Marko Freydən (Almaniya) ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Diqqətə çatdırıldı ki, musiqi yarışmasına ölkəmizlə yanaşı İsrail, Çin, Rusiya, Avstriya və Ukraynadan ümumilikdə 90 ifaçı qatılıb.

Münsiflər heyətinin sədri, Xalq artisti Murad Hüseynov müsabiqədə iştirak edən istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcılıq irsini, musiqi mədəniyyətimizi tanıtmaq, gənc istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Sonra müsabiqənin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov müsabiqəyə qatılan iştirakçıların müəllim və valideynlərini Mədəniyyət Nazirliyi adından salamladı.

Müsabiqənin açılışının əlamətdar günə, beynəlxalq uşaq bayramına təsadüf etdiyini deyən idarə rəisi vurğuladı ki, ölkəmizdə uşaqlara, gənclərə diqqət və qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət tərəfindən uşaqların təhsilinə və tərbiyəsinə göstərilən qayğı nəticəsində gənc nəsil bir çox uğurlara imza atır, öz potensiallarını sərbəst nümayiş etdirə bilirlər.

Ölkəmizdə musiqi sənətinə, o cümlədən muğama göstərilən qayğıdan danışan C.Məlikov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın diqqəti və himayəsi sayəsində muğamın, tar və kamança sənətinin UNESCO-nun siyahısına daxil edildiyini diqqətə çatdırdı.

Daha sonra müsabiqənin ilk dinləmələrinə başlanıldı. 1-ci qrup üzrə (9-10 yaş) iştirakçıların dinləmələrində münsiflər ifaçıları 10 ballıq sistemlə qiymətləndirdilər.

* * *

Müsabiqənin ikinci günü, iyunun 2-də ikinci qrup üzrə (11-12 yaş) iştirakçıların dinləmələri keçirildi.

İyunun 3-də isə üçüncü (13-14 yaş) və 4-cü (14-16 yaş) kateqoriyalar üzrə iştirakçıların ifaları dinlənildi.

Dinləmələr başa çatdıqdan sonra axşam Beynəlxalq Muğam Mərkəzinin səhnəsi münsiflər heyətinin üzvlərinə verildi. Konsert proqramında Dövlət Akademik Rus Xorunun konsertmeysteri, Moskva Filarmoniyasının solisti Nikita Volov öz çıxışı ilə zalda böyük coşqu yaratdı. P.Çaykovskinin “Qu gölü” baletindən ifa olunan fraqmentlər pianoçunun texnikasını və sənət sevgisini müsabiqə iştirakçılarına da nümayiş etdirmiş oldu.

Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən N.Volov bildirdi ki, Azərbaycana artıq beşinci gəlişidir: “Bu müsabiqə Azərbaycan musiqisinin populyarlaşmasına xidmət edir. Burada çox istedadlı uşaqların ifalarını eşitdim. Eyni zamanda Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış olmaq imkanı qazandım”.

Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleynsin çıxışı ilk andan tamaşaçılara pozitiv hislər bəxş etdi. Xanım münsif fikirlərini bölüşərkən Azərbaycanda musiqi təhsilinin yüksək səviyyəsindən təəccübləndiyini gizlətmədi: “Bakıya ilk gəlişim idi və bu möhtəşəm günləri, musiqi dolu anları yəqin ki, unutmayacağam. İstedadlı uşaqlar və onları yetişdirən pedaqoqlar. Azyaşlı uşaqların fortepianoda bənzərsiz ifaları məni heyran etdi. Qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Müsabiqənin keçirildiyi Muğam Mərkəzi isə füsunkar bir konsert salonudur”.

Tanınmış pianoçu və musiqi tənqidçisi Marko Frey Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi: “Düzü, Azərbaycana, Bakıya gələcəyimi planlaşdıranda   burada məni nələrin gözləyəcəyini təsəvvürə gətirməmişdim. Ümumiyyətlə, ölkəniz haqqında məlumatım az idi. Amma burada olduğum bir neçə gün ərzində özüm üçün yeni bir dünya tapmış oldum. İnanıram ki, münsif həmkarlarım öz repertuarlarına Azərbaycan bəstəkarlarının əsərlərini daxil edəcəklər”.

Münsiflər heyətinin sədri Murad Hüseynovun Azərbaycan bəstəkarlarının əsərlərindən səsləndirdiyi prelüdlər qonaqlara bir daha musiqimizin möhtəşəmliyini nümayiş etdirdi. Xalq artisti Azərbaycan bəstəkarlarının əsərlərinin qonaqlarda heyranlıq yaratdığını dedi: “Biz münsiflərə bəstəkarlarımızın əsərlərinin notlarını hədiyyə etdik. Müsabiqə uğurla reallaşdı və inanırıq ki, bu müsabiqə gənc istedadların yaddaşından silinməyəcək”. 

* * *

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bağlanış mərasimi, qaliblərin mükafatlandırılması və laureatların qala-konserti keçirildi.

Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdırdı, təşkilat komitəsinə, pedaqoq və iştirakçılara təşəkkürünü bildirdi, gənc ifaçılara yeni uğurlar arzuladı.

Münsiflər heyətinin sədri, Xalq artisti Murad Hüseynov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə çoxsaylı beynəlxalq festival və müsabiqələr sırasına daha bir uğurlu layihənin qoşulması əlamətdar hadisədir. Həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimiz bu müsabiqələrdə bacarıqlarını nümayiş etdirir və özlərini təsdiq etmək imkanı qazanırlar.

Daha sonra hər yaş kateqoriyası üzrə I, II, III yerlər, eləcə də laureat və xüsusi diplom olmaqla qaliblərə mükafatlar təqdim edildi.

Müsabiqənin laureatlarının qala-konsertindən əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev təşkilat komitəsinin üzvləri və münsiflər heyəti ilə görüşdü. Görüşdə nazirin birinci müavini Vaqif Əliyev də iştirak edirdi.

Nazir ölkəmizdə qonaq olan münsifləri salamlayaraq Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq festival və müsabiqələr haqqında məlumat verdi. Pianoçuların beynəlxalq müsabiqəsini gözəl təşəbbüs kimi dəyərləndirən Əbülfəs Qarayev belə layihələrin davamlı olmasını və daha geniş miqyasda reallaşmasının əhəmiyyətli olacağını bildirdi.

Müsabiqənin gedişatı ilə bağlı münsiflərin fikirlərini dinləyən nazir layihənin gələcək perspektivləri ilə bağlı düşüncələrini və tövsiyələrini dilə gətirdi. Beynəlxalq müsabiqəyə daha çox ölkədən iştirakçıların qoşulması, həmçinin gələcəkdə layihənin daha da təkmilləşdirilməsi, gənc nəslin öz bacarıqlarını sınaması üçün imkan yaradılmasını, musiqi məktəblərinin layihəyə qoşularaq yaxından iştirakının faydalı olacağı vurğulandı.

Münsiflər heyətinin üzvü, pianoçu və musiqi tənqidçisi Marko Frey müsabiqənin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi və Azərbaycanda musiqi sahəsində mötəbər yarışmaların keçirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırdı.

Görüşdən sonra müsabiqə qaliblərinin iştirakı ilə qala-konsert təqdim edildi.

Lalə AZƏRİ