Nyu-Yorkun mərkəzindəki “Master Theater”da “İpək Yolu” festivalı keçirilib. Festivalda Azərbaycan, Çin, Gürcüstan, Hindistan, Monqolustan, İsrail, Türkiyə və digər ölkələrin musiqiçiləri və rəqqasları iştirak ediblər.
Soydaşlarımızın çıxışlarını izləmək və dəstəkləmək məqsədilə Meyn ştatındakı azərbaycanlı icmasının, Azərbaycan – Nyu-York Assosiasiyasının üzvləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi tədbirə qatılıb.
Festivalda Samir Quliyev (Nyu-York) “Azərbaycan”, Orxan Ağayev (Nyu-York) “Sənə də qalmaz”, Emin Eminzadə (Bakı) “Treasure me” və “Синяя вечность” mahnıları, “Mənim yolum” rəqs qrupu (Nyu-York) “Mənim Azərbaycanım”, Tahir Eynullayev (Bakı) “Məzəli rəqs” və Səbinə Nəcəfova (Portland) “Uzundərə” rəqslərini ifa ediblər.
Nyu-York şəhərinin meri Bill De Blazio festivalda yüksək səviyyədə iştiraka görə “My Way” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkür məktubu göndərib.