Xalq artisti Azər Rzayevin “Nəsimi” simfonik poeması haqqında düşüncələr

Azərbaycan bəstəkarları İmadəddin Nəsiminin şəxsiyyətinə və onun ədəbi irsinə həmişə maraq göstərmişlər.

1973-cü ildə şairin anadan olmasının 600 illik yubileyinin keçirildiyi dövrdə görkəmli bəstəkarlar Fikrət Əmirov (“Nəsimi haqqında dastan” baleti), Cahangir Cahangirov (“Nəsimi” kantatası, “Həqq mənəm” mahnı-romansı), Azər Rzayev (“Nəsimi” simfonik poeması) dahi şairin yaradıcılığını və ümumilikdə obrazını əks etdirən, ona həsr olunan dəyərli əsərlər yaratmışlar. Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin bəstələdiyi “Zikr”, “Nəsimi” passionu və “Dərviş” tamaşası da (Nəsiminin vəfatının 600-cü ildönümü ilə bağlı tamaşa) söz ustadına həsr olunmuş əsərlərdəndir.

Hər bir bəstəkarın Nəsimi ilə bağlı yaratdığı əsərlər, sözsüz ki, dahi şairin fikir və düşüncələrini, keçirdiyi hiss və həyəcanlarını musiqi dili vasitəsilə özünəməxsus yanaşması ilə əlamətdardır. Bu əsərlər içərisində Xalq artisti, professor Azər Rzayevin (1930-2015) yaradıcılığında mühüm rol oynayan “Nəsimi” simfonik poemasından söhbət açmaq istərdim. Müxtəlif janrlara müraciət edən bəstəkar kamera-instrumental, simfonik, musiqili səhnə əsərləri, dram tamaşalarına, kinofilmlərə musiqi və s. əsərlərin müəllifidir. O, eyni zamanda gözəl pedaqoq və mahir violin ifaçısı kimi Azərbaycan musiqisində öz dəst-xəttini qoymuş sənətkarlardandır. A.Rzayevin 1973-cü ildə bəstələdiyi “Nəsimi” poeması simfonik orkestr, solo ud və bədii qiraətçi üçün yazılmışdır. Bəstəkarın əsərləri içərisində xüsusi yer tutan bu əsər Nəsiminin lirik qəzəlləri əsasında yazılan lirik-dramatik lövhədir. “Bakı fəhləsi” qəzetinin 22 avqust 1973-cü il tarixli sayında əsərin tamamlanması haqqında informasiya verilmişdir. Burada bəstəkar qeyd edir: “Şairin şeirləri məni nəinki dərin hiss və mənalılığı ilə, həmçinin haradasa axıcılığı və melodikliyi ilə cəlb etmişdir. Qarşımda əsər yaratmaq məqsədi qoyduğumda Nəsiminin ölməzliyini, dahiliyini, mənəvi yüksəkliyini təsvir etmək üçün onun yaradıcılığına xas olan ritmik zənginliyi saxlamağa çalışmışam”.

Bəstəkar 1985-ci ildə poemanın üzərində yenidən işləyərək onu redaktə edir. Həmin ildə D.Şostakoviç adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Filarmoniyası Böyük Vətən müharibəsində qələbənin 40 illiyi münasibətilə silsilə tədbirlər təşkil etmişdir. Bu konsertlərdən birində həmin filarmoniyanın zalında Azərbaycan bəstəkarlarının da simfonik əsərləri dinləyicilərə təqdim olunmuşdur. Bu konsert proqramında Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması, Aqşin Əlizadənin IV simfoniyası (“Muğamvarı”) və Azər Rzayevin “Nəsimi” poeması ifa olunmuşdur. Əsərlərə gənc İsmayıl Hacıyev dirijorluq etmişdi. “Nəsimi” poemasının premyerasında solistlər Tacəddin Nuriyev udda və Azərbaycanın görkəmli səhnə xadimi, Xalq artisti Nodar Şaşıqoğlu qiraətçi qismində çıxış etmişlər. N.Şaşıqoğlunun mətni gözəl qiraət etməsi, T.Nuriyevin udda ustalıqla solo ifası, dirijor İ.Hacıyevin rəhbərliyi altında simfonik orkestrin ifası poemanın müvəffəqiyyətini daha da artırmışdır. Əsərin uğurlu premyerasından sonra Xalq artisti Cövdət Hacıyev əsərlə bağlı rəydə yazmışdı: “Böyük müvəffəqiyyətlə qarşılanan poemanın yeni variant partiturasını ikinci redaksiya kimi qəbul etmək olar. Burada bəstəkar bir sıra dəyişiklik və əlavələr edərək orkestr səslənməsinin və musiqi-dramatik  məzmunun zənginləşməsinə nail olmuşdur”.

Əsər Nəsiminin məşhur qəzəlinin mətlə beyti ilə açılır:

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!

 

Poemanın əvvəlində və sonunda qiraətçinin ifasında verilən bu misralar poemanın əsas ideyasını, əsas fikrini təsvir edən proloq və epiloq mənasını daşıyır. Əsər simfonik poema janrına xarakterik olaraq birhissəlidir. Burada bəstəkar ənənəvi janrın (simfonik poema) xüsusiyyətlərinə xas olaraq kontrastlı mövzuların bir hissə daxilində verilməsinə riayət etmişdir. Verilən hər bir epizod daxilən sərbəst, lakin ümumi ideyanın tərənnümünə həsr olunaraq tamamlanmış xarakter daşıyır.

Poemanın əvvəlində bir-birinə qarşı duran xeyir və şər, əzab çəkən xalq və irticaçı qüvvələr təsvir olunmuşdur. Eyni zamanda əsərin lirik mərkəzində əsas ideya-məzmunun açılması, məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkarın dahiliyi, həyatında faciəvi hadisələrin baş verməsi sanki nəql olunur.

Əsərdə bəstəkarın üslubuna xas olan metro-ritmik dəyişkənlik, qarışıq ölçülərdən istifadə qabarıq şəkildə nəzərə çarpır. A.Rzayevin bir çox əsərlərində olduğu kimi, burada da metro-ritm xalq musiqisi ənənəsindən irəli gələn muğam improvizasiya xüsusiyyətləri ilə musiqi dilinin zənginləşməsində böyük rol oynayır.

Bəstəkar həmçinin poemaya muğam parçası da əlavə etmişdir. Xüsusi qeyd etmək lazımdır ki, simfonik orkestrin partiturasına muğam improvizasiyasının sərbəst epizod şəklində daxil edilməsi o dövr Azərbaycan musiqisi üçün ilk addım idi və bu da əsərin ümumi bədii dəyərini artırmışdır. Udun solo ifasında verilən   “Hümayun” muğamı fonunda Nəsiminin itki acısı, sevgi həsrətini əks etdirən məhəbbət mövzulu şeirləri qiraət olunur:

 

Şəha, könlüm pərişan oldu sənsiz,
Cigərim dopdolu qan oldu sənsiz...

 

Ud alətinin özünəməxsus tembri Nəsiminin yaşadığı dövrü, ümumilikdə Şərq koloritinin ab-havasını yaratmaqda xüsusi məna kəsb edir.

Bəstəkarın “Hümayun” muğamından istifadə etməsi təsadüfi deyildir. Üzeyir Hacıbəylinin fundamental əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları”  kitabında “Hümayun” ladının dinləyicidə dərin kədər hissi oyatması qeyd olunur. Lakin bu kədər bədii-fəlsəfi məzmuna malikdir. Bu baxımdan bəstəkarın “Hümayun”a müraciəti məntiqə uyğundur. Çünki əsərdə edam olunan Nəsiminin obrazını, faciəsini, həmçinin keçirdiyi hiss və həyəcanları məhz bu muğam vasitəsilə təsvir etmək olardı.

Nəsiminin yaradıcılığında mənəvi azadlıq, sadə insanın yüksək varlıq olması və ona sevgi, ümumbəşəri dəyərlərin tərənnüm edilməsi bəstəkar tərəfindən ustalıqla poemada öz əksini tapmışdır. Nəsiminin şeirləri vasitəsilə bəstəkar əsərdə nəzərdə tutduğu ideyanı həyata keçirməyə çalışır. Lakin burada musiqi bilavasitə şeirin mətnini sinxron təsvir etmir, bəstəkarın qarşısında olan ümumi fikri daha da gücləndirir.

Əsər Bakıda ilk dəfə 2005-ci ildə A.Rzayevin 75 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə ifa olunmuşdur. Poema M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının zalında maestro Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqi ictimaiyyətinə təqdim edilmişdir. Xalq artisti Əliabbas Qədirov (qiraətçi), udda isə Şəfa Kərimov çıxış etmişlər. Əsər böyük maraqla qarşılanmış və həmin konsertdə iştirak edən məşhur musiqiçilər, mədəniyyət xadimləri yüksək fikirlər söyləmişlər.

Leyla QULİYEVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru