Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində musiqi təhsilinin inkişafı məqsədilə xarici ölkələrin qabaqcıl musiqi məktəbləri ilə təcrübə mübadiləsi aparılır, görüşlər keçirilir.
Növbəti belə görüşdə Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M.M.İppalitov-İvanov adına Moskva Uşaq musiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, Boçkay Gimnaziyasının (Macarıstan) professoru Papp Kornel, istedadlı musiqiçi, “Art-lider” agentliyinin prodüseri, beynəlxalq və ümumrusiya müsabiqələrinin diplomantı, violin ifaçısı Anar Yusifov iştirak edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovun da iştirakı ilə keçirilən görüşdə məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli qonaqlara tədris ocağının fəaliyyəti barədə məlumat verib. Rusiya (Sankt-Peterburq, Moskva) və Macarıstanda musiqi təhsilinin hansı istiqamətdə aparılması, maraqlı metodiki üsulların öyrənilməsi ilə bağlı ətraflı söhbət aparılıb.
Boçkay Gimnaziyasının Mərkəzi İncəsənət Məktəbini təcrübə mübadiləsi üçün bu ilin oktyabr ayında Macarıstana dəvət etməsi də bu görüşün nəticələrindən biri olub.
Sonda qonaqlar “Alov” rəqs kollektivinin xeyriyyə məqsədilə keçirdiyi hesabat konsertinə baxıblar. Məktəbin xalq çalğı alətləri ansamblı, “Dəcəl qızlar” rəqs kollektivi, “Səbinə” rəqs kollektivi tədbirdə iştirak edib. Konsertə dəvət olunan bütün uşaqlara kollektiv adından hədiyyələr təqdim edilib.