Ukraynanın paytaxtı Kiyevdə keçirilən “O fest” festivalında Azərbaycan milli musiqisi təbliğ olunub.
Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasov və ukraynalı aktrisa, müğənni Natalya Kudryaşovanın birgə təşkil etdiyi konsertdə Azərbaycanın xalq, bəstəkar mahnıları ifa olunub.
Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Q.Abbasov Ukraynanın digər bölgələrində də belə konsertlərin keçiriləcəyini vurğulayıb.
Ukrayna Milli Operettasının təşkilatçılığı ilə keçirilən festivalda birinci Müslüm Maqomayev müsabiqəsinin qalibi Mikita Burtsevin ifası konsertə əlavə rəng qatıb.