Cəmi 23 il yaşadı. Lakin bu qısa, ağrılı, məhrumiyyətli ömrü musiqi salnaməmizin parlaq səhifəsinə çevirə bildi. Beləcə, yaddaşlara tez açılıb, tez də solan sənət çiçəyi kimi köçdü. Bu il anadan olmasının 110 illiyini qeyd etdiyimiz böyük bəstəkar Asəf Zeynallı (1909-1932) hələ də 23 yaşlı növcavandır...

Azərbaycanın neçə-neçə elm, mədəniyyət və incəsənət xadimini yetişdirən qədim Dərbənddə doğulan Asəf Zeynallı qısa ömrünə sonsuz sənət inciləri daxil edən bəstəkardır. Həyatın sınağı ilə erkən yaşından rastlaşan gələcəyin böyük bəstəkarı bir yaşında atasını itirir və üç qardaşı ilə gənc anasının himayəsində qalır.

Oğlunun təhsilli böyüməsini istəyən ana onu 7 yaşında Dərbənd Realnı məktəbinə gətirir. İlk günlərdən balacanın musiqi duyumu müəllimlərinin diqqətini cəlb edir. Onu musiqi dərnəyi və nəfəs alətləri orkestrinə daxil edirlər, klarnetdə ifa etməyə başlayır. Bu andan da bütün varlığı ilə musiqiyə bağlanır.

20-ci ilin əvvəllərində ailəsi ilə Bakıya köçən Asəf elə təhsilini burada davam etdirir. Doqquzillik məktəbə daxil olur, musiqi istedadı onun burada da yolunu açır və müəllimləri hərbi məktəbin nəfəs alətləri orkestrinə daxil edilməsinə nail olurlar. Orkestrdə trubada məharətlə ifa etdiyindən müəllim və tələbələrin sevimlisinə çevrilir.

Musiqiyə olan bu sonsuz sevgi və yeni yaranan ali musiqi təhsili məktəbi onun daha da püxtələşmək arzusunu qabardır və o vaxtlar Şərq Konservatoriyası adlanan Musiqi Texnikumunun nəfəs alətləri bölməsinə daxil olur.

Asəfi gördüyü andan “Bu ki əsl istedaddır” deyən dahi Üzeyir Hacıbəyli ona xüsusi diqqət göstərir. O, sonrakı illərdə öz xatirələrində bu qayğı və sevgidən bəhs edərək Üzeyir bəyin mənəvi atası olduğunu qeyd edir.

Üzeyir bəy də onu “Asəf fəaliyyət göstərdiyi qısa bir dövr ərzində məhsuldar işləmiş, çoxlu əsər yaratmışdır. Onun bəstəkarlıq fəaliyyəti təhsil illəri ilə bir vaxta düşdüyündən, əsərləri əslində sənətkarın yaradıcılıq fəaliyyətinin birinci və sonuncu mərhələsini xarakterizə edir. Öz yaradıcılığında yeni musiqi üslubunun sağlam ünsürlərini təbliğ edən Asəf Zeynallı Azərbaycanın ilk professional gənc bəstəkarı idi” sözləri ilə xatırlayırdı.

İmtina

Asəf Zeynallı ilk pyesini 14 yaşında yazır və onu ilk təqdim edən də müəllimi Üzeyir bəy olur. Həyat onu çox sınağa çəkir. Belə ki, səhhətində yaranan problemlə əlaqədar olaraq sevə-sevə dilləndirdiyi truba alətindən uzaqlaşmalı olur. Çünki həkimləri ona ümumilikdə nəfəs alətlərində ifanı qadağan etmişdilər.

Amma bütün bu qadağalar, məcburi yasaqlar onun tükənməz musiqi sevgisini kölgədə qoymur. Trubanı violonçel ilə əvəzləyir, texnikumun bu alət üzrə sinfinə keçir. Burada müəllimi Leopold Rostropoviç olur. Bu alət üçün bir neçə əsər də yazan Asəf musiqi sevgisini fortepianoya da salır. Paralel dərs alır. Bu alətə xüsusi marağı və qısa müddətdə məharətlə ifası Üzeyir bəyin diqqətindən yayınmır. Müəllimi sevimli tələbəsinə fortepiano bağışlayır.

Asəf Zeynallı 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfinə daxil olur. Lakin onun istedadına bələd olan Üzeyir bəy bəstəkarlıq sinfinə keçməsini tövsiyə edir. Beləliklə o, konservatoriyada böyük bəstəkardan xalq musiqimizin əsaslarını öyrənir. Bütün müəllimləri əmin idilər ki, sevimli tələbələrinin gələcəyi parlaq olacaq. Asəf də nakam taleyindən, onu gözləyən ömür baharına qar gətirən qismətdən xəbərsiz halda yazıb-yaradır, bənzərsiz musiqilər bəstələyirdi.

İlklərin müəllifi

Asəf Zeynallı qısa ömründə musiqi tariximizdə bir sıra janr və istiqamətlərin də yaradıcısı kimi qalıb. Cəfər Cabbarlının sözlərinə yazılmış “Ölkəm” romansı da bu qəbildəndir. Bəstəkar öz vokal əsərlərində Avropa klassik vokal forması ilə xalq musiqimizin lad muğam və melodiya xüsusiyyətlərinin üzvi surətdə sintezinə nail olub.

Konservatoriyada təhsil aldığı vaxtda müəllim kimi də fəaliyyət göstərirdi. Təbii ki, bu da onun yüksək biliyinin, fitri istedadının nəticəsi idi. Heç də hər kəsə nəsib olmayan bu üstünlüyə sahib bəstəkar Qara Qarayev, Zakir Bağırov, Cövdət Hacıyev, Səid Rüstəmov kimi görkəmli musiqi xadimlərinə dərs deyir. Həm konservatoriyada, həm də texnikumda müəllim işləyən A.Zeynallının musiqi tədrisindəki xidmətlərindən biri də ilk dəfə ana dilimizdə nəşr olunan ibtidai not savadlı kitabının həmmüəllifi olmasıdır.

Bəstəkar öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına da böyük təsir göstərib, tədris repertuarını zənginləşdirib. Onun 6 pyesdən ibarət uşaq süitası silsiləsi də maraqlı əsərlərdəndir.

A.Zeynallı bu silsilə ilə Azərbaycanda uşaq musiqi ədəbiyyatının ilk nümunəsini yaradıb. 1940-cı illərə qədər tədris proqramında yalnız onun uşaq süitasından istifadə edilib. Bəstəkarın bu silsiləsinə bu günün musiqi tədrisində də geniş yer verilir. Onun fortepiano musiqisinə mürəkkəb polifonik formaya aid olan 9 fuqası da daxildir. Təəssüf ki, onlardan yalnız 2-si bizə bəllidir. Qalan 7-si isə əlyazma şəklində bəstəkarın arxivindədir.

Səhnədən gələn səda...

1928-1932-ci illərdə Türk İşçi Teatrının musiqi bölməsinə rəhbərlik edən A.Zeynallı orada səhnələşdirilən bir neçə əsərin də musiqi tərtibatını vermişdi. Tamaşalara yazılan musiqilərlə o, həm də Azərbaycan simfonizminin ilk nümunələrini yaratmış olur. Həmin tamaşaların musiqiləri sonradan bəstəkarın “Fraqmentlər” adlı simfonik süitasında səslənib.

Musiqi haqqında bilik və düşüncələrini artırmaq üçün Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərinə səfərlər edən A.Zeynallının bu səfərləri həm də ictimai fəaliyyəti ilə bağlı idi. Sankt-Peterburqda olarkən maestro Niyazinin dirijorluğu ilə filarmoniyada Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və öz əsərlərindən ibarət konsertlər təşkil etmişdi.

Təkcə “Ölkəm” bəs edər ki...

Bəstəkar qısa ömründə uzun illər yaşayan və bundan sonra da yaşaya biləcək əsərlər yaradıb. “Ölkəm”, “Sual”, “Çadra”, “Seyran”, “Sərhədçi” mahnı və romansları onun vokal musiqisi janrında yaratdığı klassik əsərlərdir. Bu əsərlərlə Azərbaycanın vokal musiqi xəzinəsinə elə gözəl incilər bəxş edib ki, daim ifaçılar bu xəzinədən bəhrələnirlər.

Onun yaradıcılıq fəaliyyətinin mühüm sahələrindən birini Azərbaycan xalq mahnılarını toplaması və notlaşdırması təşkil edirdi. Üzeyir bəyin təşəbbüsü ilə konservatoriyada Elmi tədqiqat musiqi kabinetinin yaradılması onun folklorşünaslıq fəaliyyətini daha da artırdı. 1932-ci ilin yayında gənc bəstəkar kabinetin rəhbəri Bülbüllə birlikdə xalq mahnılarını toplamaq məqsədilə ekspedisiyaya yola düşür. Bu minvalla o, 100-ə qədər xalq musiqisi incisini nota yazır ki, bunların arasında “Uzundərə”, “Ləbi-ləb”, “Evləri var xana-xana”, “Kəklik”, “Səndən mənə yar olmaz” kimi folklor nümunələrinin adını çəkə bilərik.

“Səndən mənə yar olmaz”

Onun da gənc qəlbində böyük bir eşq sərvəti vardı. Bu həyata, sənətə, vətənə olan eşqlə bərabər, həm də sevib-seçdiyi xanıma olan saf və ülvi məhəbbət idi. Asəf və Kövkəb məhəbbət dastanı onların konservatoriyada oxuduqları illərdən başlamışdır. Lakin bu məhəbbət dastanı da A.Zeynallının qısa ömrü kimi yarıda qalır. Onu əbədiləşdirən isə Kövkəb Səfərəliyevanın saf sevgisi və sədaqəti olur. Belə ki, Asəfdən sonra görkəmli pianoçu, pedaqoq, ictimai xadim kimi fəaliyyət göstərən K.Səfərəliyeva heç kimə könül vermir...

“Bülbülsüz bahar olmaz”...

1932-ci ildə Qarabağda ekspedisiyada ikən səhhətində ciddi problem yaranan bəstəkarı Bakıya gətirirlər. Həmin il oktyabr ayının 27-də vəfat edir.

Kim bilir, onun qəlbində nə qədər arzuları vardı. Topladığı xalq musiqi nümunələrinin melodiyaları əsasında simfoniyasının əlyazmaları, neçə-neçə musiqi əsərinin eskizləri və nə qədər böyük arzular yarımçıq qaldı. Amma buna rəğmən qısa ömür çoxminlik bir sevgi ilə özünün layiq olduğu, arzu olduğu səadətinə çatdı – sonsuz dinləyici sevgisinə...

Həmidə NİZAMİQIZI