İtaliyada yerləşdiriləcək gələcəyin superkompüteri İntibah dövrünün dahi rəssamı Leonardo da Vinçinin adını daşıyacaq. Bu barədə ölkənin Təhsil və Elmi Araşdırmalar Nazirliyi məlumat yayıb.
Nazir Marko Bussetti bildirib ki, İtaliyada yüksək effektli hesablama üzrə superkompüter Avropa Komitəsi (EuroHPC) tərəfindən seçilib. Onun sözlərinə görə, superkompüter saniyədə inanılmaz sayda əməliyyatlar yerinə yetirəcək. Yeni superkompüter Bolonyada yerləşdiriləcək.
“Superkompüterin bizə həvalə edilməsi ölkəmiz adına qürurverici hissdir. Bu strateji bir təşəbbüsdür və inkişafın, eyni zamanda innovasiyanın təkanverici qüvvəsi olacaq. Yeni kompüter bütün araşdırma sahələrində tətbiq olunacaq”, – deyə Marko Bussetti vurğulayıb.
Qeyd edək ki, 120 milyon avro dəyərində olan kompüterin 2020-ci ildə hazır olacağı gözlənilir.