Xəbər verildiyi kimi, 8-14 iyun tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müvafiq əməkdaşlıq müqaviləsi çərçivəsində xaricdən dəvət edilmiş tanınmış musiqiçilərlə görüş və ustad dərsləri keçirilib.
Dərsləri Sankt-Peterburq Musiqi liseyinin direktoru, professor, pianoçu Vitali Romanov, M.M.İppolitov-İvanov adına Moskva Uşaq musiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, habelə Moskvadakı M.L.Rostropoviç adına Uşaq musiqi məktəbinin müəllimi Yekaterina Koroleva (violonçel), İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, beynəlxalq müsabiqələr laureatı, virtuoz violin ifaçısı Cihat Aşkın keçib. Qonaqlar məktəbin fortepiano və simli alətlər şöbəsinin işi ilə yaxından tanış olaraq, bu şöbələrin bacarıqlı şagirdlərinə məsləhətlər və tövsiyələrini veriblər.
Dərslərdən sonra məktəbin direktoru – Əməkdar artist Əziz Qarayusifli görkəmli musiqiçilərə şagird və müəllimlər adından təşəkkür edib. Bildirib ki, peşəkarlıq səviyyəsinin artırılması, sənətin inkişafı üçün belə görüşlərin keçirilməsi, xarici ölkələrdən dəvət olunan təcrübəli müəllimlərin ustad dərslərinin təşkil edilməsi çox vacib və əhəmiyyətlidir. Qonaqlar da məktəbin kollektivinə uğurlar arzulayıblar.