Heydər Əliyev Sarayında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib.

İyunun 13-də təqdim olunan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” adlı konsert proqramını Azərbaycan Dövlət Rəqs Ansamblı açıb. “Mənim Azərbaycanım” adlı möhtəşəm rəqs nömrəsindən sonra sevilən ifaçılar bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.

Xalq artistləri Mübariz Tağıyev, Cavan Zeynallının ifalarında vətəni tərənnüm edən mahnılar, Aftandil İsrafilovun bənzərsiz ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əməkdar artistlər Nuriyyə Hüseynova, Bəsti Sevdiyeva, Səlim Abbasov, Cabir Abdullayev, Elza Seyidcahan repertuarlarından musiqi nömrələrini təqdim ediblər. Konsert proqramında Nazim Faytonçu, gənc müğənnilər Samirə Əfəndi, İlkin Fuad, Pərviz Bülbülə və başqalarının ifaları da səslənib.

Bayram konsertinin rəngarəng repertuarı musiqisevərlərə vətənpərvərlik hisləri aşılamaqla yanaşı, həm də milli irsə və milli dəyərlərə çağırış kimi səslənib. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.