Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti buraxılışı Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi Mirzə Məhəmmədhəsənə həsr edilmişdi.
İyunun 17-də keçirilən gecədə tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, XIX əsrin ortalarında Şamaxıda dünyaya gələn Mirzə Məhəmmədhəsən Fələkzadə (Şirvani) şəhərdəki musiqi məclisinin yaradıcısı Mahmud Ağanın yetirməsi olub. Mədrəsə təhsili alan Mirzə Məhəmmədhəsən ərəb və fars dillərini səlis bilib, muğam ifaçılığı sənətində öz dəsti-xətti ilə seçilib. Xanəndə Cənubi Qafqazın bir çox yerlərində öz sənəti ilə tanınıb, məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamlarına öz möhürünü vurub. O, həmçinin oxuduğu muğamın lirik-dramatik xarakterini açmaq üçün sözləri və qəzəlləri məxsusi olaraq seçməyi bacarıb. Məşhur xanəndə həm də “Nalə” adlı şeirlər kitabının, “Sarıtorpaq şikəstəsi”nin və bir sıra təsniflərin müəllifidir.
O da diqqətə çatdırıldı ki, gecənin hazırlanmasından əvvəl Şamaxıya səfər edilərək xanəndənin yaradıcılığı ilə bağlı məlumatlar toplanılıb, bu işdə araşdırmaçı Ağakərim Nafizin məlumatlarından da istifadə edilib. Bildirildi ki, həyatının sonu o qədər də fərəhli olmayan xanəndənin ömrünün ahıl yaşlarında gözləri tutulub, qulaqları isə demək olar ki, eşitməyib. O, son illərini Göyçaya köçərək qohumlarının evində yaşayıb və 1917-ci ildə orada vəfat edib.
Gecədə şair Əjdər Ol, Şamaxı ictimaiyyəti adından müəllimə Nəzakət Məmmədova, Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə, muğam müəllimi Ağakərim Nafiz və başqaları çıxış edərək tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirdilər. Xalq artisti Zabit Nəbizadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, muğam müsabiqəsinin laureatları Murad Laçınlı, Nisbət Sədrayeva, Nasir Ətapur, Kamilə Nəbiyeva, Zeynal Əhmədov və Ağakərim Nafiz Mirzə Məhəmmədhəsənin vaxtilə bəstələdiyi və bu gün də məşhur olan təsnifləri ifa etdilər. Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərlik etdiyi ansambl müşayiət edirdi.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin məqsədi Azərbaycan milli musiqi tarixində dərin iz qoymuş görkəmli mədəniyyət xadimlərinin yaradıcılıqlarını tanımaq və təbliğ etməkdir.