22 iyun bəşər tarixinin dəhşət salnaməsinin – II Dünya müharibəsinin ən böyük və qan-qadalı mərhələsinin – Almaniya və Sovet İttifaqı arasında savaşın (1941-1945) başlandığı gündür. Bir vaxtlar tarix kitablarımızda “Böyük Vətən müharibəsi” kimi oxunub-tədris edilən bu müharibədə qələbə Azərbaycandan da 300 mindən çox insanın həyatı bahasına başa gəlib.

Musiqi həmişə savaşla, döyüşlə birgə addımlayıb. Qələbə ruhlu mahnılardan biri də artıq 40 ildən çoxdur ki, keçmiş sovet respublikalarının çoxunda məşhur olan “Qələbə günü” mahnısıdır. Bəstəkar David Tuxmanovun şair Vladimir Xaritonovun sözlərinə bəstələdiyi bu mahnı 1945-ci ilin 9 may zəfərinin sənət simvolu kimi səslənir. Bəs bu mahnı necə yaranıb?

1975-ci ildə ölkə Böyük Vətən müharibəsində qələbənin 30 illiyinə hazırlaşırdı və SSRİ Bəstəkarlar İttifaqı bu münasibətlə ən yaxşı mahnı müsabiqəsi elan etmişdi. D.Tuxmanovla V.Xaritonov da son anda müsabiqədə iştirak etmək qərarı verirlər və qısa müddətdə ərsəyə gələn “Qələbə günü” mahnısı dinləmələrə təqdim olunur. İlk ifaçı isə bəstəkarın həyat yoldaşı, şairə və müğənni Tatyana Saşko olur. Amma mahnı müsabiqədə diqqət çəkmir və uğur qazanmır. Əksinə, Tuxmanovun həmkarları mahnının əleyhinə çıxışlar səsləndirir, hətta Dövlət Televiziya və Radiosundan da təpkilər gəlir. Buna səbəb isə mahnının bəstəkarı idi. Mətnin müəllifi müharibə veteranı olsa da, bəstəkar gənc və daha çox pop musiqisi və estrada mahnılarının müəllifi idi. Odur ki, bəstəkarın belə ciddi müsabiqəyə yüngül estrada janrında əsər təqdim etməsi, həm də müharibə illərini yaşamadan, görmədən bu mövzuda mahnı bəstələməsi mənfi qarşılanmışdı. Baxmayaraq ki, həmin vaxta qədər Tuxmanov çoxsaylı və sevilən vətənpərvərlik mahnılarının müəllifi idi. Digər bir səbəb gənc bəstəkarın fəxri adının, xüsusi mükafatının olmaması idi. Təkcə Moskva komsomolu mükafatından başqa. O, cəmi iki il idi ki, ittifaqa üzv yazılmışdı. Mahnı orkestrovkanın tələblərinə də cavab vermirdi və musiqidə fokstrot (ABŞ və Avropada yayğın cütlük rəqsi) və tanqo elementləri eşidilirdi. Bir sözlə, mahnı efirlərdən kənar qaldı.

Lakin nə baş verdi. Elə həmin il 9 May – Qələbə bayramı ərəfəsində müğənni Leonid Smetannikov bu mahnını televiziya proqramlarından birində ifa edir. İfa böyük maraq yaradır və televiziyaya mahnı ilə əlaqədar çoxsaylı tamaşaçı məktubu gəlir. Həmin ilin noyabrında isə “Sovet milis günü”nə həsr olunmuş bayram konsertində tanınmış ifaçı Lev Leşenko birbaşa canlı efirdə ifa edir. Tamaşaçılar mahnını böyük şövq ilə qəbul edirlər və o, konsertdə iki dəfə səslənir. Bu uğurlu ifadan sonra mahnını o vaxt bütün ölkə oxumağa başlayır. “Qələbə günü” “Mahnı 1975” ümumittifaq mahnı festivalının laureatı olur. Mahnı ilə əlaqədar Dövlət Teleradio Komitəsinə çoxsaylı xahiş məktubları ünvanlanır. Tamaşaçılar mahnının mütəmadi səslənməsini xahiş edirlər.

Beləliklə, mahnının uğurlu tale yolu başlayır. Bu mahnını sovetlər ölkəsinin Müslüm Maqomayev, İosif Kobzon, Yuri Boqatikov, Edita Pyexa kimi ulduz müğənniləri ifa edib. Mahnının sosialist ölkələrində müxtəlif dillərdə ifa edilən variantları lentə alınıb.

“Qələbə günü” mahnısının, həqiqətən də, qəribə çəkici xüsusiyyəti vardır. Yaddaşa tez hopan, optimist hisslər yaradan, qələbə, dözümlülük, inam və cəsarət aşılayan mahnı hər bir insanın adi şad, uğurlu günündə də ağlından keçən bir melodiyaya malikdir. İnsan anadan olduğu gündən musiqi onunla birgə yaranıb. Bu yaxınlığın nəticəsidir ki, insana xüsusi emosional təsiri var. Hərb tarixində də həmişə musiqiyə və sözə böyük önəm verilib. Bəzən bir kəlmə, yaxud bir mahnı orduları ayağa qaldırıb. Bu baxımdan yüksək sənət zövqlü hərbi marşların yazılmasının, vətən mövzusunda musiqilərin yaranmasının vacibliyi xüsusi önəm kəsb edir.

Lalə AZƏRİ