Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində azərbaycanlı heykəltəraş Vaqif Rəhmanovun və Narqis Dresslerin əsərlərindən ibarət sərgi açılıb.
Vaqif Rəhmanov və Narqis Dressler müasir incəsənətin müxtəlif istiqamətlərinin vəhdət təşkil etdiyi yeni birgə sərgi təqdim ediblər. Bu, bir növ “əksliklərin vəhdəti və mübarizəsi” fəlsəfi postulatının təqdimatıdır.
Vaqif Rəhmanovun hər bir əsəri sanki şüşədə, daşda və tuncda donub qalmış musiqidir. Müəllif öz heykəllərində analıq, qadınlıq mövzularını, təkcə insanlara deyil, heyvanlara sevgi hisslərini aydın göstərir. Narqis Dresslerin yaradıcılığının təməlində Şərq tətbiqi sənətinin klassik simvolları vasitəsilə tarixi dəyərlərin şərhi dayanır.
Vaqif Rəhmanov 1940-cı ildə Azərbaycanda anadan olub. 1970-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirəndən sonra Qazaxıstana köçüb. Yaradıcılıq yolu burada başlayıb. Bir müddət Kanadada yaşayıb və işləyib.
Dünyanın müxtəlif ölkələrində onun sərgiləri təşkil olunur.