Yubilyar rejissorun sənət amalı budur
Mərahim Fərzəlibəyov. Azərbaycanda bu adı eşitməyən, bu şəxsi tanımayan sənətsevər tapılar? Çətin. Əslində, ortayaşlı nəsil bu tanınmış ismi nə vaxtdan eşitdiyini xatırlamır. Məgər qırx beş il az müddətdir? Köhnə kişilər demişkən, bir igidin ömrüdür.
Gərəkdir ki, səhnədə göstərilən hisslər, pərdə arxasında coşan ehtiraslar, nəhayət, teatrın içindəki və çölündəki konfliktlər insan orqanizminə zərərli təsirinə görə, dörd-beş qat hesablana. O üzdən də təxminən yarım əsr teatra sədaqətlə qulluq edən şəxs 70 yaşına yetibsə, bu, artıq bir qəhrəmanlıq nümunəsidir.
Elə bu cür tək-tük qəhrəmanlardan biri bu gün 70 yaşın dizini yerə vurur və o, bizim müsahibimizdir. Yubiley müsahibəsi də elə bir şeydir ki, söhbətə uzaqdan başlamalısan ki, yaşanmış illərin gerçək mənzərəsi yaransın.
- Mərahim müəllim, siz ali rejissorluq təhsilinizi o vaxtkı Leninqradda almısınız. Adətən, Rusiyada təhsil alan rejissorlarımız ora ikinci sənət təhsili almaq üçün üz tutublar. Amma siz elə ilk və son ali təhsilinizi orda almısınız. Bu seçimin səbəbini bilmək olar?
- Orta məktəbi bitirib sənədlərimi o vaxtkı Mirzəağa Əliyev adına Teatr İnstitutuna gətirəndə dedilər ki, qəbul cəmi iki nəfərdir, onları da tapşırıblar. Mən isə uşaqlıqdan rejissor olmaq istəyirdim deyə, ya Moskvaya, ya da Leninqrada getməliydim. Öyrəndim ki, həmin il Leninqradda Tovstonoqov (görkəmli teatr rejissoru və pedaqoqu, SSRİ Xalq artisti Georgi Aleksandroviç Tovstonoqov – G.M.) kurs yığır. Mən də təkcə kamal attestatımı cibimə qoyub qatarla getdim Leninqrada. Qəbul komissiyasında rus dilini çox zəif bildiyimi görüb sənədlərimi götürdülər. Yəqin fikirləşdilər ki, onsuz da qəbul ola bilməyəcək. Həmin gün sənəd verən 750-ci abituriyent mən idim.
- 750-ci?
- Bəli. Axırda sayımız min nəfərə yaxınlaşdı. İxtisas imtahanında şəxsən Tovstonoqov özü iştirak edirdi. İkinci turda “hansı pyesi necə qura bilərsən” tapşırığını yerinə yetirəndə “Hamlet”i seçdim. Səhnəni necə quracağımı danışanda Georgi Aleksandroviç soruşdu ki, mənim “IV Henrix” tamaşama baxmısınız? Dedim ki, yox, Leninqrada ilk gəlişimdir. Müəllimlər bir-birinə baxdılar. Sonralar biləcəkdim ki, demə, mən, onun həmin tamaşasının ideyasını danışmışam. Özü də təəccüblənib...
- Gələcək ustadınıza çəkibmişsiniz, özünüzün də xəbəriniz yox...
- Elə çıxır. Tovstonoqovun diqqətini çəkdiyim üçün Azərbaycan dilində şeir dediyim aktyor sənəti imtahanında aldığım üçü də silib 5 etdi, qalan üç imtahandan da 5 yazdı, həm də qəbul imtahanlarında məni tapşırdı ki, kəsməsinlər. Qəbul olunanların siyahısı divara vurulanda adımın qarşısında “şərti” sözü yazılmışdı. Bakıya gəlib sənədlərimi topladım və oldum tələbə. Cəmi 17 nəfərdik. Aramızda da məktəb partasından instituta gələn üç nəfər idi: dramaturq Viktor Rozovun oğlu Sergey, Tovstonoqovun bacısı oğlu, məşhur aktyor Yevgeni Lebedovun oğlu Aleksey, bir də mən. Qalanları ikinci təhsil alırdı. Görünür, bu, mənim qismətim idi...
- Tələbəliyiniz necə keçib?
- Maraqlı və çətin! Rus dilini pis bilirdim deyə...
- O illərdə Bakıda böyüyən şəhər uşağı rus dilini necə pis bilər axı...
- Mən Sovetskidə böyümüşəm. Bu məhəllədə nə rusdillilər yaşayırdı, nə də kimsə rus ədəbi dilində danışırdı... Tovstonoqov qarşımda şərt qoydu ki, rus dilini öyrənməsəm, rektordan xahiş edəcək ki, məni Bakıya köçürsünlər. Rektorun əmri ilə rus dilini xarici tələbələrlə birlikdə gücləndirilmiş proqramla öyrənməyə başladım. Müəllimimiz Lyudmila Fyodorovna hətta mənimlə əlavə məşğul da olurdu ki, yoldaşlarımdan geri qalmayım.
***
...Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsili başa vuran gənc rejissor diplom işi kimi Bakıda o vaxtkı Musiqili Komediya Teatrında Cerri Hermanın “Hello, Dolli” müziklini tamaşaya qoyur. İllər sonra bu tamaşanın uğuru üçün Moskvadan məşhur baletmeysteri Bakıya dəvət etmiş teatrın direktoru Bala Qasımovu və mədəniyyət naziri Zakir Bağırovu minnətdarlıqla xatırlayır. Amma diplom tamaşası nə qədər hay-küylə qarşılansa da, vətəndə işləmək arzusu baş tutmur. Azərbaycandan göndərişlə oxumağa getmədiyini deyərək hələlik “Boş rejissor ştatı yoxdur” cavabını alır. “Əslində mən Bakıda yox, Azərbaycanın istənilən bölgə teatrında işləməyə hazır idim” - deyir. Amma nə edəsən ki, rejissorlar da bəzən başqalarının seçimi ilə razılaşmalı olurlar. Leninqradda isə bu məsələyə daha anlaşıqlı yanaşırlar. Ərazi yaxınlığını da nəzərə alıb Mərahim Fərzəlibəyovun təyinatını Qroznıdakı Rus Dram Teatrına verirlər.
Azərbaycan tamaşaçısının isə onu rejissor kimi tanıyacağı vaxta hələ bir qədər var. Bunun üçün ömrün Sumqayıt mərhələsi başlamalıdır. Qroznıdakı təyinat müddəti başa çathaçatda Sumqayıt teatrından iş təklifi gəlir. O zaman SSRİ məkanında dillər əzbəri olan, ittifaqın mənəvi süqutunun ilk bədii təcəssümlərindən sayılan Gennadi Bokarevin “Poladəridənlər” pyesini teatra təklif edir. Metallurqlar şəhərinin gənc teatrında bu kəskin sosial ismarışlı pyesə tamaşa edən dövrün teatr azmanları, xüsusilə də Mehdi Məmmədov gənc Mərahim Fərzəlibəyovun bu teatra baş rejissor təyin edilməsini məsləhət görür. “Poladəridənlər”in ardınca isə “Bütün Şərq bilsin” sədası yayılır.
***
- O vaxt Kommunist Partiyasının 26-cı qurultayı ərəfəsində bütün ittifaqda teatr festivalı keçirilirdi. Minə yaxın teatr bu festival-müsabiqəyə qoşulmuşdu.
SSRİ mədəniyyət nazirinin müavini Mixail Çausov tamaşalara şəxsən özü baxırdı. Bakıda, Akademik Dram Teatrında Anarın “Səhra yuxuları” tamaşasına, bir də Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşasına baxdı və bizim tamaşanı seçdi. Baxmayaraq ki, “Bütün Şərq bilsin” çox böyük tamaşa idi, kütləvi səhnələrdə 92 nəfər iştirak edirdi. Sonradan mən bildim ki, Çausov hansı mübahisələrdən sonra Sumqayıt teatrının tamaşasının üstündə dayanıb.
- Amma mübahisə etməyə dəyərmiş...
- Festival başa çatanda elan etdilər ki, sənət müəllimim Tovstonoqovun tamaşası birinci yerə layiq görülüb, mənim quruluş verdiyim tamaşa üçüncü yerə.
- “Bütün Şərq bilsin”in ayağı sizə düşdü və siz Akademik Milli Dram Teatrına gəldiniz...
- Tofiq Kazımov dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyi məni “Azdrama”ya göndərdi. Əvvəllər çox çətinlik çəkirdim. O zaman teatrda çox böyük aktyorlar çalışırdı. Hiss edirdim ki, hətta mənim rəhmətlik Tofiq müəllimin lojasında əyləşib tamaşaya baxmağım onları qıcıqlandırır. Teatrı çox sevən truppa müdiri var idi - Qürbət Qurbanov. O mənə təskinlik verirdi ki, 25 ildən sonra bu teatra təyinat alan ilk rejissorsan, belə şeylərə görə ürəyini sıxma, işlə!
- Bəs hansı tamaşa ilə “bəraət aldınız”?
- Görkəmli dramaturqumuz İlyas Əfəndiyev də “Poladəridənlər”ə, “Bütün Şərq bilsin”ə baxmışdı. O zaman yazdığı “Xurşudbanu Natəvan” pyesini teatra gətirəndə onu mənim hazırlamağımı istədi. Bu seçim də birmənalı qarşılanmadı. Hətta mətbuat da işə qarışdı.
- Niyə?
- Tovstonoqovun dil ilə bağlı təpkisindən sonra rus dilini elə öyrənmişdim ki, artıq məşqləri də rusca aparırdım, yəni mənim tamaşa qurmaq, aktyorla işləmək üçün olan söz ehtiyatım rus dilində idi. Bunu mənə irad tuturdular. “Bakı” qəzetində məqalə çıxmışdı ki, Azərbaycan teatrında Xan qızı haqqında hazırlanan tamaşanın məşqləri rusca gedir. Amma mən dilə sadəcə alışmışdım və getdikcə, bu vərdişdən əl çəkdim.
- Mərahim müəllim, maraqlıdır ki, İlyas Əfəndiyevin dramaturgiyasında tarixi dram mərhələsinin başlanğıcı onun sizinlə birgə çalışmalarınızın başladığı dövrə təsadüf edir. Və bu yaradıcılıq tandemi dramaturq dünyasını dəyişəndən sonra da davam edir.
- “Xurşudbanu Natəvan” pyesi çox gözəl tamaşa idi. Amaliya xanım əvəzsiz obraz yaratmışdı. Ulu öndərimiz həmin tamaşaya baxandan sonra bizə - İlyas müəllim, Amaliya xanım və mənə dedi ki, siz bu əsərlə Natəvanı əsl dövlət xadimi kimi təqdim etdiniz. Bizim İlyas Əfəndiyevlə birgə işimiz belə başladı.
- Heç olubmu ki, onun hansısa əsərini başqa rejissor hazırlayıb, amma o, quruluşu bəyənmədiyi üçün tamaşanı siz sıfırdan başlamalı olmusunuz?
- Olub. Özü də iki dəfə. Amma hansı tamaşaları kimdən alıb mənə veriblər, mənim də həmin həmkarımla münasibətim bir qədər pozulub, - bunları soruşmayın, deməyəcəyəm. O ki qaldı İlyas müəllimlə birgə işlərimizə, onun sağlığında 8, vəfatından sonra da 3 əsərinə quruluş vermişəm. İlyas müəllim həm də mənim Azərbaycan dili müəllimim olub, danışığımdakı səhvləri düzəltməklə dilimizi ədəbi dil səviyyəsində öyrənməyimə yardım edib, həm də onunla çalışmaqla Azərbaycan teatr rejissoru kimi yetişmişəm, milli dramaturgiyaya bağlanmışam. Düzdür, digər dramaturqların da əsərlərini hazırlamışam, dünya dramaturgiyasına da müraciət etmişəm. Amma İlyas müəllimlə işbirliyimizin yeri, çəkisi mənim üçün başqadır.
- Maraqlıdır ki, siz Akademik Milli Dram Teatrından başqa digər teatrlarda az tamaşa qurmusunuz...
- Azərbaycana qayıdandan sonra ana teatrdan başqa cəmi dörd teatrda tamaşa qoymuşam: Musiqili teatrda (diplom tamaşam), Sumqayıtda və Naxçıvanda, bir də Amaliya xanımın istəyilə Bələdiyyə teatrında. Mən başqa truppaya öyrəşə bilmirəm. Baş rejissorluqdan çıxandan sonra öz teatrımızda az tamaşaya quruluş versəm də, alışmadığım üçün başqa truppa ilə işləyə bilmirəm.
- Deməli, bir sıra rejissorların fəxrlə işlətdiyi “mənim aktyorum” ifadəsi sizin üçün də doğmadır. Kimlərin adını çəkə bilərsiniz?
- Mərhum Amaliya xanımla Fuad Poladovun. Bəli, onlar mənim aktyorum idilər. Bir zamanlar mənim verdiyim quruluşlarda çox gözəl rollar oynamış, həmin tamaşalarla ulduzu parlamış aktyorlar var ki, onlar üçün bu ifadəni işlətmirəm. Çünki başqa rejissorların tamaşalarında çox çıxış edən aktyor mənim sözümdən sonra deyə bilər ki, yox, mən heç vaxt Mərahimin aktyoru olmamışam! Halbuki mən aktyorları sevirəm. Sevdiyim aktyorlara rol vermək üçün əsər seçirəm. Hətta biz İlyas Əfəndiyevlə əsər üzərində işləyəndə aktyorları nəzərə alırdıq. Aktyor dramaturqla rejissorun fikrini, ideyasını tamaşaçıya çatdıran böyük istedad sahibi olmalıdır. Böyük sənət böyük aktyor olan yerdə yaranır.
- Aktyor demişkən, teatr səhnəsində yox, amma filmdə sizi aktyor kimi də görmüşük. Sənətdən az-çox baş çıxaran tamaşaçı kimi deyə bilərəm ki, maraqlı tipajlar yaratmağa nail olmuşdunuz...
- Anarın “Sizi deyib gəlmişəm!” əsərinə quruluş zamanı müəllif məşqlərə gələndə demə, məni də müşahidə edirmiş. Sonra “Qəm pəncərəsi”ni çəkəndə məni “uçitel” Həsən roluna dəvət etdi. Etiraz etdim ki, bacarmaram, o isə məni inandıra bildi və sınaq çəkilişsiz filmə çəkdi. “Qəm pəncərəsi”ndən sonra da Tofiq Tağızadə təkid etdi ki, mütləq “O dünyadan salam”da Şeyx Əhmədi oynamalıyam. Deyirlər ki, aktyor işim uğurludur, amma mən sonrakı təklifləri qəbul etmədim. Çünki aktyor sənəti böyük sənətdir, bu işə həvəskar kimi baxmaq olmaz. Əgər iki obraz bəyənilibsə, üçüncü bəyənilməyə bilər. Özümü kino rejissoru kimi sınayıb, “Mənim ağ şəhərim” filmini çəkəndən sonra da gördüm ki, yaradıcılığımı teatrda daha uğurlu davam etdirə bilərəm.
Düzdür, televiziya filmləri də çəkmişəm, bu gün də televiziyada rejissor kimi işləməyə hazıram.
- Rejissor işindən söz düşmüşkən... Elə rejissor var ki, səhnədə aktyoru nəfəs çəkməyə qoymur, yalnız onun tapşırığını nöqtə-vergülünədək yerinə yetirməyi tələb edir. Qeybət olmasın, deyirlər ki, Mərahim Fərzəlibəyov aktyora sərbəstlik verən rejissordur, kompozisiyanı qurur, mizanları cızır, qalanını buraxır aktyorun öhdəsinə.
- Düz deyirlər. Mən tamaşanı əvvəldən tam görürəm. Mizanların daxilində aktyora sərbəstlik verməyi xoşlayıram ki, aktyor özünü ifadə edə bilsin. Səhnə kompozisiyasının qanunları var: aktyor səhnədə görünməlidir, obrazın hisslərini çatdırmalıdır. Quruluşçu rejissor həm tamaşanı, həm də aktyorun obrazla münasibətini qurur, onun daxili aləmini nizama salır. Tamaşanı qurub, aktyorun münasibətini qurmayanda həmfikirlər tamaşası alınmır.
- İşə bax ki, doğum gününüz iyunun 26-na, Ordu Gününə təsadüf edir. Sabahdan səkkizinci onluğu xırdalamağa başlayacaq Mərahim Fərzəlibəyov sənət ordusunda özünü hansı rütbədə, vəzifədə görür?
- Baş rejissor olduğum illərdə çalışmışam ki, gəmi kapitanı kimi öz vəzifəmi yerinə yetirim. Başqa rütbələri deyə bilmərəm, amma gəmi heyətimi – aktyorlarımı başa düşüb, fikirlərini dinləyib, onları arxamca apara bilmişəm.
- Təsəvvür edin ki, adınızı eşidib tamaşalarınızı seyr etmiş, lakin sizi üzdən tanımayan biri sizdən soruşur: Mərahim Fərzəlibəyov necə rejissordur? Bu suala necə cavab verərdiniz?
- Deyərdim ki, öz rejissor sənətinə sadiq, teatrı, aktyorları sevən bir adamdır.
***
... 1986-cı ilin noyabrı. Jurnalistika fakültəsinin tələbəsi kimi “Azərbaycan gəncləri” qəzetinin mədəniyyət şöbəsindən növbəti tapşırıq almışam: “Azdrama”da İlyas Əfəndiyevin “Şeyx Xiyabani” tarixi dramının məşqindən reportaj hazırlamaq lazımdır. İlk dəfə tamaşanı daxildən görürəm. İlk dəfə aktyor-rejissor mübahisəsini müşahidə edirəm. İlk dəfə rejissorla gələcək tamaşa barədə söhbət edirəm. Həmin rejissor isə Mərahim Fərzəlibəyovdur.
İlk dəfə məşq prosesində gördüyüm rejissor Fərzəlibəyov, ömür vəfa etdikcə iş başında olun! Yeni yaşınız mübarək!
G.MİRMƏMMƏD