Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə Belçikada Azərbaycan muğamı günləri çərçivəsində iyunun 20-dən 23-dək Brüssel, Vaterlo və Gent şəhərlərində Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun silsilə konsertləri keçirilib.
Konsertlər Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Belçikadakı səfirliyimiz tərəfindən reallaşıb.
Brüsselin ən gözəl konsert saraylarından olan Musiqi Alətləri Muzeyinin konsert zalında baş tutmuş ilk konsertdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, dövlət qurumları və Avropa İttifaqı institutlarının, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş UNESCO ilə əməkdaşlığın inkişafından danışıb. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi vurğulanıb.
Növbəti konsert Vaterlo şəhərində ənənəvi musiqi festivalı çərçivəsində təqdim olunub. Azərbaycan şairəsi Xurşudbanu Natəvanın abidəsinin də ucaldığı bu şəhərin sakinlərinin qatıldığı konsert yerli ictimaiyyətdə böyük maraq doğurub.
Belçikada Azərbaycan muğamı günləri çərçivəsində sonuncu konsert Gent şəhərində X əsrə aid Müqəddəs Bavo monastrında keçirilib. Şəhər bələdiyyəsi və “De Centrale” Mədəniyyətlərarası Musiqi Mərkəzi tərəfindən birgə təşkil olunmuş konsert də Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə töhfə verib.
Xalq artisti Mənsum İbrahimovun, eləcə də əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) nümayiş etdirdikləri yüksək ifaçılıq məharəti, təqdim etdikləri Azərbaycan muğamları və xalq havaları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb. Konsertlər yerli mətbuat tərəfindən işıqlandırılıb, sosial şəbəkələrdə canlı yayımlanıb.