İyunun 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu mövsümü 40 yaşlı “Min bir gecə” baletinin tamaşası ilə başa vurub. Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun ərəb nağıllarının motivləri əsasında yazdığı əsər 1979-cu ildən bəri Azərbaycan səhnəsindən düşmür.
“Min bir gecə” baleti Fikrət Əmirovun musiqisi, Xalq rəssamı Toğrul Nərimanbəyovun şux rənglərlə bol dekorasiyası, Əməkdar incəsənət xadimi Nailə Nəzirovanın qüsursuz xoreoqrafiyası ilə illərdir ki, klassik musiqi xiridarlarının ruhunu oxşayır. Bu tamaşada Azərbaycanın neçə-neçə balet artisti əsas partiyaların ifaçısı kimi sınaqdan çıxıb.
Yubiley tamaşasında əsas partiyaları əməkdar artistlər Nigar İbrahimova (Şəhrizad), Cəmilə Kərimova (Nuridə), Makar Ferştandt (Nuridənin sevimli qulu) və solist Anar Mikayılov (Şəhriyar) ifa ediblər. Həmçinin solistlər Timur Oduşev, Dinarə Şirinova, Mehman Mərdanov, Murad Kərimov, Nigar Əliyeva, İslam Məmmədov və b. səhnəyə çıxıblar. Tamaşanı gənc dirijor Orxan Həşimov idarə edib.