Rusiya paytaxtının arxeoloqları Kostyanski döngəsində qazıntılar zamanı XIX-XX əsrlərə aid qızıl sikkələrdən ibarət xəzinə aşkar ediblər. Bu barədə məlumatı Moskva Şəhər Mədəni İrs Departamenti yayıb.
Məlumatda deyilir ki, bu, son bir neçə ildə Moskvada tapılmış ən iri xəzinədir. Onun ilkin dəyəri təqribən bir milyon rubldur. Sikkələrin sayını dəqiq demək hələlik çətindir. Çox güman, təqribən 60 ədəddir. Sikkələrin nominalı da görünür: 5 və 10 rubl.
Departamentin rəhbəri Aleksey Yemelyanov bildirib ki, pullar XIX əsrin sonu - XX əsrin əvvəlinə aiddir. Onun fikrincə, sikkələrin sahibi inqilab və ya vətəndaş müharibəsi dövründə onları zirzəmidə gizlədib. Sikkələr bir-birinə sıxılmış vəziyyətdə olduğuna görə arxeoloqlar onların dəqiq sayını tapıntı yerində müəyyən edə bilməyiblər.
Qeyd olunub ki, xəzinə əvvəllər mövcud olmuş binanın zirzəmisində sınıq-salxaq vəziyyətdə olan tənəkə qutusunda aşkar edilib. Hazırda Kostyanski döngəsində işlər davam etdirilir.