Antalya Bələdiyyəsinin başqanı Mühittin Beçek dünya praktikasını və bölgəyə turist axınının sürətlə artmasını nəzərə alaraq turizm vergisi tətbiq olunmasının təklif edib. O, təklifini belə əsaslandırıb ki, hər il 14-15 milyon turist qəbul edən Antalyanın bələdiyyə gəlirləri şəhər infrastrukturunu lazımi səviyyədə saxlamaq üçün kifayət deyil. Bu verginin tətbiq edilməsi hər il bir neçə yüz milyon avro gəlir gətirə bilər.
Turistlərdən vergi tutulması təcrübəsi dünyada çoxdan tətbiq olunur. Müxtəlif ölkələrdə onu “şəhər vergisi” və ya “yaşayış üçün vergi” adlandırırlar. Keçən il əcnəbi turistlər Türkiyədə toplam 112 milyon gecə keçiriblər. Ekspertlərin hesablamalarına görə, əgər bir gecə üçün 5 avro məbləğində turizm vergisi tətbiq edilsəydi, bələdiyyələr 560 milyon avro məbləğində əlavə gəlir əldə edə bilərdilər.
Ölkəyə əcnəbi turist axınının 68 faizə qədəri Antalyanın payına düşür. Türkiyə şəhərləri arasında turizm vergisinin tətbiqi ilə bağlı eksperiment keçirə biləcək ilk şəhər Antalya ola bilər. Hərçənd bu verginin hotel nömrəsinə görə, yoxsa adambaşı, sabit məbləğdə, yoxsa faiz kimi tutulması məsələsini həll etmək lazımdır. Şəhər turizm şurasının sədri Rəcəb Yavuz bildirib ki, Antalyada hər turistdən bir gecə üçün 1,5 avro məbləğində vergi tutmaq və uşaqları vergi ödəyicilərinin siyahısına daxil etməmək nəzərdə tutulur.