İyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib.

Tədbirdən öncə institutun əməkdaşları Rüstəm Əliyevin 2-ci Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Yubiley tədbirini AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq Rüstəm Əliyevin Azərbaycan şərqşünaslığını dünya miqyasında tanıdan alimlərdən olduğunu qeyd edib, onun gələcək nəsillər üçün böyük bir elmi miras qoyduğunu söyləyib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxışında Rüstəm Əliyevi azərbaycanşünas alim kimi xarakterizə edib və onun nizamişünaslıqda xidmətlərinin əvəzsiz olduğunu deyib.

“Rüstəm Əliyevin həyatı və elmi fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva dünya şöhrətli şərqşünas Rüstəm Əliyevin Azərbaycan xalqının elm tarixində parlayan zəkalardan olduğunu, Orta əsrlər İran, Azərbaycan, ərəb və türk filologiyası sahəsində yüksək intellektə malik alimin farsdilli ədəbiyyatın tədqiqi və nəşri, mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatların əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, alimə şöhrət gətirən, onu Şərq və Qərb aləmində geniş tanıtdıran Firdovsinin “Şahnamə”, Ömər Xəyyamın rübailərinin, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərlərinin elmi-tənqidi mətninin tərtibi, tərcüməsi və tədqiqi olub. Sonralar alim Nizaminin “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətninin və “Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı”nın tərtibi kimi mühüm elmi işlərin öhdəsindən gəlib.

Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi “Dünya miqyaslı iranşünas” mövzusunda məruzəsində görkəmli şərqşünas alim Rüstəm Əliyevin elmi yaradıcılığından, onun İran və farsdilli Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanmasında, rus və Azərbaycan dillərinə tərcüməsində müstəsna xidmətlərindən danışıb.

Rüstəm Əliyevin tanınmış şərqşünas M.N.Osmanovla birlikdə Kembric nüsxəsi əsasında Ömər Xəyyamın rübailərini ruscaya tərcümə etməsi və farsca mətn, müqəddimə və şərhlərlə birlikdə nəşr etdirməsi, alimin iranşünaslıq fəaliyyətinin ən parlaq səhifələrindən biri kimi Firdovsinin “Şahnamə”sinin elmi-tənqidi mətninin 9 cildlik Moskva nəşrinin 4, 5 və 8-ci cildlərini hazırlaması xüsusi qeyd edilib.

Tədbirdə həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovun “Rüstəm Əliyev ərəbşünas kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzələrdən sonra Rüstəm Əliyevin Moskvada yaşayan oğlu Med Əliyevin tədbir iştirakçılarına videomüraciəti səsləndirilib.

Akademik Möhsün Nağısoylu, professorlar Mehdi Kazımov, Vilayət Cəfərov, Rəhim Əliyev, Mahirə Quliyeva, Şəfəq Əlibəyli, Şahin Fazil çıxış edərək Rüstəm Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Rüstəm Əliyevin ailəsi adından yaxın qohumu Əli Həsənov çıxış edərək yubiley tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.