Çinin Kunmin şəhərində simfonik, opera və balet musiqisinə həsr olunmuş silsilə konsertlər keçirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında Kunmin “İpək Yolu” orkestrinin ifasında dörd müxtəlif proqram dinləyicilərə təqdim edilib.
Geniş və rəngarəng musiqi proqramı orkestr üçün yazılmış ən mürəkkəb əsərlərdən biri sayılan Rixard Ştrausun “Don Juan” simfonik poemasından dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinə qədər olan böyük bir yaradıcılıq coğrafiyasını əhatə edib.
Balet nümunələri sırasında P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, S.Puni “Esmeralda”, L.Minkusun “Don Kixot”, K.Sen-Sansın “Qu quşu” kimi məşhur əsərləri də yer alıb.
Silsilə konsertlərin son bölümü opera musiqisinə həsr olunub, proqramda V.A.Mosartın “Fiqaronun toyu”, “Sehrli fleyta”, J.Bizenin “Karmen”, V.Bellininin “Norma”, F.Leqarın “Juditta” və başqa əsərlərdən parçalar səslənib.