Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Türkiyədə iyulun 22-28-də keçiriləcək 25-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalına dəvət alıb.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, 1995-ci ildə əsası qoyulan festival hər il sənət bayramı kimi qeyd olunur. Festivala müxtəlif ölkələrin, xüsusilə türkdilli dövlətlərin incəsənət xadimləri, kollektivləri qatılır. Musiqili teatrın balet truppası bu festivala artıq ikinci dəfə dəvət olunub. 2008-ci ildə truppa festivalda ölkəmizi uğurla təmsil edib.
Festival çərçivəsində müxtəlif tədbirlər – sərgilər, dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçiriləcək.