Vyanada yerləşən “Academia Musica” tədris mərkəzində azərbaycanlı musiqişünas, Əməkdar incəsənət xadimi, professor Şəhla Mahmudova-Həsənovanın (1956-2018) xatirəsinə həsr olunmuş musiqili axşam keçirilib.
“Culture Meeting Point” mədəniyyət assosiasiyası tərəfindən “Sehrli səslər evciyi” adı altında təşkil olunan tədbirdə qurumun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru Fərəh Tahirova çıxış edib. Bildirib ki, Şəhla Mahmudova-Həsənovanın xatirəsinə ithaf edilən bu axşam uzun illər onun aparıcısı olduğu uşaqlar üçün populyar televiziya verilişinin adını daşıyır. 1974-1994-cü illərdə efirə gedən, uzun illər Şəhla xanımın müəllifi və aparıcısı olduğu bu veriliş Do-Re-Mi adlı qəhrəmanın iştirakı ilə uşaqların sevimlisi idi, eyni zamanda onlarda musiqiyə maraq aşılayırdı.
Sonra o, Ş.Mahmudova-Həsənovanın yaradıcılığının əsas məqamlarına nəzər salıb, tədbir iştirakçılarına azərbaycanlı alim və musiqişünasın şəxsi arxivindən götürülmüş foto və digər materiallar əsasında ətraflı məlumat verib.
Daha sonra təqdim olunan konsertdə “Academia Musica” tədris mərkəzinin şagirdləri ilə yanaşı, Rixard Vaqner adına Konservatoriyanın Vokal kafedrasının tələbələri F.Tahirovanın fortepianoda müşayiəti ilə çıxış ediblər.