Beynəlxalq Muğam Mərkəzində Mali Respublikasının “Cheick Tidiane Seck” qrupu və yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Afrika cazı və onun muğamla sintezi səsləndirilib.
Qrupun rəhbəri Şek Tidian Sek dünya şöhrətli musiqiçilər Karlos Santana, Stiv Vander, Rendi Vuesten, Cimi Kliff və “Gorillaz” qrupu ilə birgə çalışdığını bildirib.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov qonaqları belə gözəl məkanda görməkdən şad olduğunu vurğulayıb. Qeyd edib ki, caz millətləri və mədəniyyətləri bir araya gətirən gözəl vasitədir.
Malidən olan qrupa Şek Tidian Sek, Manteqari Frank (zərb), Adama Dembele (perkusiya), Cankey Suso (vokal), Mohamed Hafsi (bas-gitara), Mamadi Diabate (gitara) daxildir. Gecədə həmçinin “Bacustik Jazz” qrupunun – Salman Qəmbərov (piano), Emin Həsənov (bas-gitara) və Vaqif Əliyev (zərb) çıxış edib. Konsertdə muğamın cazla sintezi Səxavət Məmmədov (tar), Oqtay Şərifov (kamança) və Almaxanım Əhmədlinin (vokal) ifasında səsləndirilib.