XX əsrin əvvəllərində Bakının mədəni həyatında baş verən canlanma yaxın-uzaq diyarlardan bir sıra incəsənət xadimlərinin buraya səfərlərindən sonra bu şəhərdə karyera qurması ilə nəticələnirdi. Belə bir tale görkəmli opera ifaçısı, Azərbaycanın Xalq artisti Vasili Nikolskiyə də qismət olmuşdu.

Vasili Alekseyeviç Nikolski 1882-ci ildə Rusiyanın Vladimir quberniyasının Şuya şəhərində dünyaya göz açıb. 1898-ci ildə üç illik şəhər peşə məktəbini bitirir. Dəmiryolu idarəsində teleqrafçı işinə düzəlir. Bir müddət sonra katib vəzifəsinə dəyişilir.

Vasili Nikolski mühəndis olmaq arzusu ilə çalışır. Ancaq bir təsadüf nəticəsində onun istedadlı olduğu üzə çıxır, gözəl səsi kəşf olunur. Məşhur bəstəkar və dirijor Mixail Mixailoviç İppolitov-İvanov gənc Vasiliyə sənədlərini Moskva Konservatoriyasına verməsini məsləhət görür. O, eyni vaxta Ali Texniki Peşə Məktəbinə və Moskva Konservatoriyasına sənəd verir və hər iki məktəbə qəbul olunur. Ancaq inqilabi solçu dərnəklərin işində iştirak etdiyi üçün Ali Texniki Peşə Məktəbindən qovulur. Moskva Konservatoriyasında isə professor Varvara Mixailovna Zarudnayanın vokal sinfində təhsilini davam etdirir.

V.Nikolski 1908-ci ildə konservatoriyanı müvəffəqiyyətlə başa vurur. Moskva Xalq Evi Operasında işə düzəlir. O daha sonra bir neçə mövsüm Odessa, Kiyev, Tiflis, Yekaterinburq opera səhnələrində çalışır. Bir çox görkəmli rejissor, dirijor və vokalçılardan opera sənətinin sirlərini öyrənir. Uzun müddət teatrda çalışır və İvan Susanin, Boris Qodunov, Qalitski, Mefistofel, Dodon, Qoçubey, Sen-Bra, Don Bazilio, Nilokanta kimi obrazların mahir ifaçısı kimi tanınır.

Qeyd edək ki, XX əsrin əvvəllərində Rusiyanın tanınmış teatr və opera sənətkarları - Fyodor Şalyapin, Nikolay Fiqner, Yevgeniya Mravina, Anton Sekar-Rojinski, Aleksandr Uluxanov Bakı musiqisevərlərinə tanış idi. Ümumiyyətlə, Bakıya qastrola gələn truppalar və artistlər şəhər sakinləri tərəfindən maraqla qarşılanırdı.

Tədqiqatçı Cavid Məmmədli araşdırmasında yazır ki, Vasili Nikolski 1919-cu ilin sonlarında Bakıya gəlir. O, yeni təsis edilən Azərbaycan Dram Teatrının səhnəsində opera tamaşalarında müxtəlif rollarda çıxış edir.

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra vokal ifaçısı Bakıda qalıb işləməyə qərar verir. 1923-cü ildə milli opera səhnəsində ilk dəfə fransız bəstəkarı Kleman Leo Delibin məşhur “Lakme” operası Azərbaycan dilində tamaşaya hazırlanır. Sənətkar tamaşada Nilokanta obrazını yaradır. Onun ifası maraqla qarşılanır. Bu ifadan sonra o, Azərbaycanca səhnəyə qoyulan bir çox opera tamaşalarında da iştirak edir. Onun Bakı səhnəsində Reynqold Qliyerin “Şahsənəm”, Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz” və “Şah İsmayıl” operalarında ifa etdiyi azərbaycanca partiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Geniş səs diapazonu olan V.Nikolski XX əsrin 30-cu illərində formalaşmaqda olan operanın görkəmli səs ifaçılarından biri olur. O, milli səhnəmizin Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Sona Hacıyeva, Fatma Muxtarova, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Məhəmmədhənifə Terequlov kimi ustad sənətkarlarla bərabər çalışıb.

V.Nikolskinin Azərbaycan səhnəsindəki fəaliyyəti yüksək qiymətləndirilir. Müxtəlif orden və medallarla təltif olunur. 1934-cü ildə isə Xalq artisti adına layiq görülür. O, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə də iştirak edir.

Sənətkar vokal yaradıcılığı ilə bərabər pedaqoji fəaliyyətlə də məşğul olub. Dahi bəstəkar Ü.Hacıbəyli görkəmli opera ustasının səhnə təcrübəsini yüksək qiymətləndirir. Buna görə də konservatoriyanın Vokal kafedrasına işləməyə dəvət edir. V.Nikolski 23 il ərzində (1939-1962) bu musiqi məbədində əvvəlcə məsləhətçi, daha sonra müəllim olaraq çalışır.

Azərbaycan vokal sənətinin inkişafında əməyi olan Xalq artisti Vasili Nikolski ömrünün müdrik çağlarında, 3 aprel 1967-ci ildə Bakıda vəfat edib.

Savalan FƏRƏCOV