Amsterdam muzeyində dahi holland rəssamı Rembrandtın (Rembrandt Harmes van Reyn) “Gecə gözətçisi” tablosunun restavrasiya işləri ictimaiyyət üçün açıq aparılır. Muzey şəhər sakinlərini və qonaqları bu prosesi müşahidə etməyə dəvət edib.

Rəssamın 1642-ci ildə yaratdığı bu şedevr muzeyin xüsusi şüşəli otağında saxlanılır və restavrasiya işləri onu görmək istəyənlər üçün gözəl bir fürsətdir. Bundan başqa, Rembrandt yaradıcılığının pərəstişkarları bərpa prosesini onlayn rejimdə də izləyə bilərlər.

“Gecə gözətçisi” tablosu 40 il əvvəl, onun muzeydə bıçaqla kəsilməsindən sonra bərpa olunmuşdu. Həmin vaxt əlində bıçaq olan şəxs muzeyin mühafizə xidmətinin gözündən yayınaraq rəsm əsərini kəsmiş və bunu “ilahi üçün etdiyini” bağırmışdı. Tabloya qarşı hücumlar 1911-ci və 1975-ci illərdə də olub. Sonuncu dəfə onun üzərinə rəng dolu sprey sıxılmışdı.

“Gecə gözətçisi” rəssamın ən məşhur tablosu sayılır. O, Amsterdamın mülki qvardiyasının başçısı Frans Bannink Kokq tərəfindən sifariş edilib. Tablonun hündürlüyü 4 metr, eni isə 4,5 metrdir. Amsterdam muzeyi rəsm əsərinin restavrasiyasına bir neçə milyon avro vəsait ayırıb və onun beş əsr əvvəlki keyfiyyətinin bərpa olunacağına ümid edir. Bunu təmin etmək məqsədilə mütəxəssislər müasir texnologiyanın ən son nailiyyətlərindən istifadə edirlər.

Muzeyin direktoru Tako Dibbits bildirib ki, rəsm əsərinin bərpasının ictimaiyyətə açıq aparılması ideyası onun bütün bəşəriyyətə məxsus olması ilə əlaqədardır. O, diqqətə çatdırıb ki, hər il iki milyondan çox adam bu məşhur tablonu görmək üçün muzeyə gəlir.