Budapeştin tarixi saraylarından və məşhur konsert zallarından biri – “Viqadu”da (Vigado) “Klassz a Parton” beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub.
İyulun 30-dək davam edəcək festivalda bir sıra ölkələrdən – Avstriya, İtaliya, Almaniya, İsveçrə, Slovakiya, Macarıstan, ABŞ və Türkiyədən tanınmış musiqiçilər iştirak edirlər. Ölkəmizi festivalda Əməkdar artist, Akademik Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edir.
Açılış mərasimindən əvvəl konsertin aparıcısı Azərbaycanın musiqi mədəniyyəti barədə məlumat verib. Daha sonra dirijor Əyyub Quliyevin rəhbərliyi altında Macarıstan Milli Simfonik Orkestri “Obuda Danube” Avropa klassik musiqisinin ən parlaq nümunələrini – Volfqanq Amadey Motsartın 35-ci “Xaffner” simfoniyasını və Frans Şubertin 5-ci simfoniyasını təqdim edib. Hər iki əsər böyük maraqla qarşılanıb.
“Klassz a Parton” festivalının bədii rəhbəri, Macarıstanın məşhur pianoçusu Tamaş Erdinin ifası isə konsertə xüsusi rəng qatıb. Onun ifasında Karl Mariya fon Veberin “Konsertştük” və Frederik Şopenin “Andante spianato və Grand Polonez” əsərləri dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Sonda Macarıstanın tanınmış incəsənət xadimləri - yazıçı, şair və bəstəkarları, mətbuat nümayəndələri azərbaycanlı dirijoru və macar musiqiçiləri təbrik edərək xoş arzularını bildiriblər.
Konsert Macarıstanın Bartok Dövlət Radiosu tərəfindən lentə alınıb.