Fransız imperatoru Napoleon Bonapartın əsgərlərinin 1799-cu il iyulun 15-də Misirin Rəşid qəsəbəsində qazıntı apararkən tapdıqları daş dünya tarixinin ən böyük sirrini açmağa kömək edə bilər. Londondakı “British Museum”da saxlanılan bu qədim kitabə Misir çarı V Ptolemeyin hakimiyyətinin birinci ili şərəfinə kahinlər şurası tərəfindən yazılıb.
Bəs ilk baxışdan sadə olan bu mətn nədən arxeoloqların böyük marağına səbəb olub? Bunun səbəbi “Rozetta daşı”nın üzərində dünyanın ən qədim çoxdilli mətninin olmasıdır. Ağırlığı 760 kq və eni 72 sm olan bu kitabə qranitdən hazırlanıb. Misir xalqının, kahinlərin və əyanların onu rahat oxuması üçün üç fərqli dildə yazılan mətn heroqliflərin sirrini açmağa çalışan paleoqraflar üçün ən əlverişli imkandır.
Eramızdan əvvəl 196-cı ildə yazılan kitabənin üzərində eyni mətn demotik (həmin dövrdə Misirdə gündəlik istifadə edilən dil), antik yunan (hökmdarların dili) və heroqliflə yazılıb. Alimlərin tədqiqatlarına görə, heroqlif yazısı eramızın IV əsrindən sonra istifadə olunmayıb və bu əlifba ilə bağlı məlumatlar tədricən yox olub. “Rozetta daşı” üzərində antik yunan hərflərini oxuyan mütəxəssislər bu üsulla heroqliflərin sirrini açmağa çalışırlar.