Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər xoru Avropa ölkələrinə qastrol turuna çıxıb. Kollektiv turun ilk dayanacağı olaraq iyulun 18-də Bolqarıstanın Plovdiv şəhərində türk musiqisinin məşhur əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Türk dünyası mədəniyyətinin musiqi ənənələrini beynəlxalq aləmdə nümayiş etdirən TÜRKSOY-un Gənclər xorunun konserti 2019-cu ildə Avropanın “Mədəniyyət paytaxtı” olaraq seçilən Plovdivin mərkəzindəki Roma stadionunda gerçəkləşib. Konsertdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın nəğmələri səsləndirilib.
Plovdiv sakinləri və xarici turistlərin maraqla izlədikləri musiqi şənliyindən sonra Türkiyənin şəhərdəki baş konsulu Hüseyn Ergani tərəfindən rəsmi qəbul təşkil olunub.
Mərasimə şəhərin yerli hakimiyyət orqanlarının əməkdaşları, diplomatlar, biznes, mədəniyyət və sənət dairələrinin nümayəndələri qatılıb.
İyulun 21-də isə xor kollektivi Serbiyanın Novi Sad şəhərində türk dünyası musiqi əsərlərindən nümunələrlə sənətsevərlərin qarşısına çıxıb. Konsert 50-dək ölkədə mərkəzi olan və TÜRKSOY-la əməkdaşlıq çərçivəsində layihələr həyata keçirən Türkiyənin Yunus Əmrə İnstitutunun 10 illiyinə həsr edilib. İfaları ilə yanaşı türk dünyasına xas milli geyimləri ilə də diqqətçəkən xor kollektivi yaddaşlarda qalacaq konsertə imza atıb. “Qara torpaq”, “Uzun, incə bir yoldayam”, “Dağlarda çiçək” və s. bu kimi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın musiqi əsərlərinin səsləndirildiyi konsert böyük maraqla qarşılanıb.
TÜRKSOY-un Gənclər xorunun səfər turunun növbəti dayanacağı iyulun 22-də Çernoqoriyanın (Monteneqro) Budva şəhəri olub. 1 avqust tarixinə qədər davam edəcək tur zamanı kollektiv Cetinje, Dubrovnik, Triqor, Lissabon şəhərlərində də çıxış edəcək.
Mehparə SULTANOVA
Ankara