Xəbər verdiyimiz kimi, iyulun 31-dən avqustun 5-dək Qəbələ şəhərində növbəti musiqi festivalı keçiriləcək. 2009-cu ildə əsası qoyulan Qəbələ festivalı ötən müddətdə dünya musiqi xəritəsində özünə layiqli yer qazanıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə reallaşacaq XI Qəbələ Beynəlxalq Musiqi Festivalı 11 ölkədən musiqiçiləri bir araya gətirəcək.
Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, ifaçılar Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu və digərləri qatılacaq.
Festivalın təntənəli açılış mərasimi avqustun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində olacaq.
Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet kvarteti, “Trio Mirakulum” (Türkiyə) çıxış edəcək.
Həmçinin Azərbaycandan xalq artistləri Murad Adıgözəlzadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər ifaçılar tamaşaçıların zövqünü oxşayacaq.
Festivalda dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcək.
Hər il olduğu kimi, bu il də festival çərçivəsində “Muğam axşamı” təşkil olunacaq. Muğamsevərlər “Naz-nazı” muğam qrupunun çıxışından zövq alacaq.