Dörd gün əzrində konsertlərdə 200-dən çox müğənni səhnəyə çıxacaq
Builki “Jara” festivalının hazırlıq işlərinə də həmişəki kimi təxminən bir il vaxt sərf olundu. Festival çərçivəsində maraqlı ifalarla yanaşı, “JARA 2018” haqqında çəkilmiş filmə baxış da olacaq.
Bu sözləri Azərbaycanın Xalq artisti, “JARA” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından Emin Ağalarov iyulun 25-də mətbuat konfransında bildirib. Qeyd edib ki, festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək. İyulun 26-da ötən il çəkilmiş “Bir dəfə JARA-da” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb.
Mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları – Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Bukova, Yana Çurikova, dünya şöhrətli ifaçılar Filipp Kirkorov, Ani Lopak, Sergey Kojevnikov və Zivert jurnalistlərin suallarını cavablandırıblar.
“Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “JARA” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”, - deyə Filipp Kirkorov vurğulayıb.
Mətbuat konfransında Filipp Kirkorova gələn il festival çərçivəsində yaradıcılıq gecəsinin keçirilməsi təklif olunub və müğənni buna razılığını bildirib.
Qeyd olunub ki, gələn il “JARA” festivalının Dubayda ikinci dəfə, eləcə də Almaniya, ABŞ və Belarusda keçirilməsi nəzərdə tutulur.
Gələn il festivalın 5 yaşı münasibətilə beynəlxalq gün də elan olunacaq. Burada rusiyalı müğənnilərlə yanaşı, Türkiyə, Amerika və digər ölkələri təmsil edən musiqiçilərin iştirakı ilə təqdimatlar keçiriləcək, konsert təşkil olunacaq.
Qeyd edək ki, 4-cü “JARA” Beynəlxalq Musiqi Festivalının konsertləri iyulun 25-dən 28-dək ənənəvi məkanda – Bakıda, Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçiriləcək.
İlk konsertdə Filipp Kirkorov, Loboda, Emin, Monatik, Nikolay Baskov, Qriqori Leps, Valeriya, Ani Lorak, A-studio, Vera Brejneva və başqaları səhnəyə çıxıblar.
İyulun 26-da “Lyube” musiqi qrupunun 30 illik yubiley gecəsi keçiriləcək. Həmin gün səhnədə “İvanuşki İnternational”, “Fabrika”, “Qorod 312”, Alyona Apina, Nataşa Korolyova, “Otpetnıye moşenniki” və “Na-Na” qrupu çıxış edəcək.
Yeri gəlmişkən, festivala bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil olunub.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda, tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.