Avqustun 1-də İtaliyanın paytaxtı Romada 35-ci “Tagiliacozzo” beynəlxalq klassik musiqi festivalının açılışı olacaq. Açılış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Afaq Abbasova da çıxış edəcək.
Artıq bir neçə teatr mövsümüdür ki, teatr İtaliyanın ölkəmizdəki səfirliyi ilə işgüzar münasibət qurub. Bu münasibətdən doğulan maraqlı əməkdaşlıq layihələri Azərbaycan klassik musiqi sevənlərinə çağdaş İtaliya musiqiçiləri ilə tanışlıq və böyük sənətlə ünsiyyət bəxş edir.
Ötən il Bakıda ilk dəfə keçirilmiş İtaliya opera günlərində qonaq olmuş dirijor və vokalçılar səfirlik ilə teatr arasında bu işgüzar münasibəti başa çatan sənət mövsümündə davam etdirdilər. Tanınmış dirijor Yakobo Sipari di Peskasseroli ötən ilin mayında qəzetimizə müsahibəsində demişdi ki, Azərbaycan musiqisinə heyrandır və bizim teatrda eşitdiyi bir çox vokalçıların ifasını çox bəyənir. Azərbaycan teatrındakı gözəl və güclü səs sahiblərini İtaliyada tanıtmaq niyyətinə düşdüyünü deyən maestro vədinə əməl edib. “Tagiliacozzo” beynəlxalq klassik musiqi festivalının açılış mərasimində teatrımızın güclü sopranosu Afaq Abbasovanın da səsi eşidiləcək.
Maestro di Peskasserolinin dirijorluq edəcəyi konsertdə Lüdviq van Bethovenin 9-cu re minor simfoniyası ifa olunacaq. Dahi bəstəkarın vəfatından üç il qabaq (1824) bəstələdiyi bu simfoniya onun digər simfoniyalarından fərqlənir. Müəllif bu əsərində ilk dəfə alətlərlə yanaşı insan səsindən istifadə edib. Belə ki, Fridrix Şillerin poeması mətn olaraq simfoniyanın dördüncü hissəsinə daxil edilib və bu hissədə soprano, kontralto, bariton, tenor və qarışıq xor çıxış edir. Bəstəkarın eşitmə qabiliyyətini tam itirdikdən sonra bəstələdiyi bu əsər Bethoven yaradıcılığının şah əsərlərindən hesab edilir. Hətta simfoniyanın bir hissəsi olan «Ode an die Freude»in, yəni «Sevinc odası»nın bir hissəsi Avropa İttifaqının himni kimi də məşhurdur.
Klassik vokal musiqisinin beşiyi sayılan Romada nüfuzlu konsertdə Azərbaycan vokalçısının belə məşhur əsərin ifaçılarından biri olaraq səhnəyə çıxması çox fərəhli hal və vokal məktəbimizin uğurudur. Üstəlik, Afaq Abbasova bu festivalda çıxış edəcək ilk azərbaycanlı vokalçı olacaq.
Son illər gözəl tenorlarımız – Yusif Eyvazovu, Azər Rzazadəni alqışlayan İtaliyanı yeni bir gözəl səslə tanışlıq gözləyir.
Gülcahan MİRMƏMMƏD