Qrup üç yeni klip buraxmağa hazırlaşır
Britaniyanın dünyaca məşhur “Queen” rok qrupu üç yeni klip buraxmağa hazırlaşır. Qrup bu barədə özünün sosial şəbəkə səhifəsində məlumat verib.
Bildirilir ki, musiqiçilər bu yolla “Bohemian Rhapsody” mahnısının klipinin “YouTube” platformasında 1 milyard baxış sayı toplamasını qeyd etmək istəyirlər.
Bu məqsədlə ifaçılar müsabiqə elan ediblər. Müsabiqə şərtlərinə görə, “Queen”in bütün pərəstişkarları həmin videokliplərin yaradılmasında iştirak edə bilərlər.
Müsabiqə qrupun “Biz qalibik” (“We are the Champions”) mahnısının analogiyası üzrə “Siz qalibsiniz” (“You are the Champions”) adı altında keçiriləcək.
Ötən əsrin 70-ci illərində məşhurlaşan və rok musiqisi tarixinin ən uğurlu qruplarından sayılan “Queen” bu gün də milyonlarla pərəstişkara malikdir.
Bu yaxınlarda qrupun “Bohemian Rhapsody” mahnısı “YouTube” kanalında köhnə kliplər arasında rekord vurub. Mahnıya çəkilmiş videoklipi 1990-cı illərədək bəstələnən mahnılar arasında ilk dəfə 1 milyarddan çox tamaşaçı izləyib.
Köhnə mahnılar arasında “Queen” qrupundan sonra ikinci yeri 965 milyon baxış sayı ilə “Guns N’ Roses” ansamblının “Sweet Child O’ Mine” mahnısı tutur.
“YouTube” kanalında yeni mahnılar arasında ən çox baxılan isə Luis Fonsi və Daddy Yankinin 2017-ci ildə təqdim etdikləri “Despacito” mahnısıdır. Bu videoklipə rekord sayda – 6,3 milyard baxış olub.
İLONA