Bakı sakinləri və şəhərimizin qonaqları üçün ənənəvi musiqi bayramına çevrilən “JARA” Beynəlxalq Musiqi Festivalı bu dəfə də Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində hər kəsə sevgi dolu anlar yaşatdı. Müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun təsisçisi Sergey Kojevnikovun birgə təsis etdiyi festivalın dördüncüsü 25-28 iyul tarixində rəngarəng proqramlarla gerçəkləşdi.

Musiqi bayramında dörd gün ərzində səhnəyə 200-dən artıq ifaçı çıxdı.

 

İlk gün və bol musiqi

 

Festivalın möhtəşəm açılış konsertində fəxri qonaqlar sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da var idi.  Jurnalistlərin festivalla bağlı suallarını cavablandıran Leyla Əliyeva bildirdi ki, festivalın əhvalı və yüksək səviyyədə təşkili burada çalışan və tamaşaçı qismində qatılan insanlardan asılıdır: “Festivalın gözəl keçməsi sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır”.

Tanınmış rusiyalı aparıcı Yana Çurikovanın təqdimatında baş tutan konsert proqramında Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Emin Ağalarov, Qriqori Leps, Ani Lorak, Lolita, Sergey Lazarev, Albina Canabayeva, Maks Barskix, Artik & Asti dueti, Olqa Buzova, Alessandro Safina, Çingiz Mustafayev, Monatik, Zülfiyə Xanbabayeva, “Vremya & Steklo”, “A-studio” qrupları və başqaları çıxış etdilər. Repertuarlarından hit mahnılarını səsləndirən ifaçılar eyni zamanda festivalla bağlı təəssüratlarını bölüşdülər.

 

Gündən-günə daha da isti...

 

İkinci gün – iyulun 26-da çox sevilən “Lyube” musiqi qrupunun 30 illik yubiley gecəsi keçirildi. Həmin gün səhnədə “İvanuşki İnternational”, “Fabrika”, “Qorod 312”,  Alyona Apina, Nataşa Korolyova, “Otpetnıye moşenniki” və “Na-Na” qrupu çıxış etdi. Həmçinin Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecələri də təşkil edildi.

Özünəməxsus “battl” janrında təşkil edilən gecədə sonda qalib gələn yenə də musiqi oldu. Həmin gecə tamaşaçıların çoxdan gözlədiyi duet – Azərbaycanın Xalq artisti Aygün Kazımova və Rusiyanın Xalq artisti Filipp Kirkorovun birgə çıxışı da böyük coşqu yaratdı.

 

Film kimi festival

 

Festivalın 3-cü günündə də maraqlı anlar  yaşandı. Azərbaycanın və Rusiyanın tanınmış simalarının iştirakı ilə “Cinemaplus” kinoteatrında  “JARA 2018”  komediya filminin təqdimat mərasimi keçirildi. İstənilən musiqi festivalı irimiqyaslı hadisədir. Bu hadisənin səhnəarxası əhvalatları isə bəlkə də səhnədəkindən az maraq kəsb etmir. Təqdim edilən film də festivalın səhnəarxasından bəhs edir. Filmin çəkilişləri “JARA” festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda gerçəkləşib. Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıya uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. Filmin qəhrəmanını aktrisa Diana Pojarskaya oynayır. Bədii romantik komediya janrında çəkilən film sentyabrın 5-dən kinoteatrlarda nümayiş olunacaq. Filmin ideya müəllifi və prodüseri Timur Cəfərovdur.

Həmin gün axşam isə 90-cı illərin ən populyar ifaçıları öz repertuarlarını təqdim etdilər. Nəsillərin görüşü də adlandırıla bilən bol musiqi, disko ruhlu gecədə nostalji anlar yaşandı. Səhnədə zamanların sevilən musiqi qrupları “Ruki verx”, “Na-Na”, ifaçılar Vladimir Kuzmin, Aleksandr Buynov, Nataşa Koroleva, İqor Nikolayev, Valeriya, Alyona Apina, Emin Ağalarov, Dilarə Kazımova, Xalq artisti Briliant Dadaşova və başqaları festivalın gündəliyini öz repertuarları, ötən illərin alovlu notlarının sədaları ilə bəzədilər.

 

“Z nəsil” musiqisinin tüğyanı

 

Musiqi bayramının son günündə “Z nəsil” (ötən əsrin 90-cı illərinin sonu – 2000-ci illər nəsli) nümayəndələri üçün düzlənmiş proqram da maraqla qarşılandı. Rusiyanın hip-hop ifaçısı Timatinin solo konserti və Loboda, HammAli və Navai, Nyuşa, Lyubov Uspenskaya, Babək Məmmədrzayev, Samra, Slava, Yuliya Kovalçuk, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, Serebro bir-birindən maraqlı ifalarla çıxış etdilər.

Həmin gün festival çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında  Rusiyanın “MUZ TV” telekanalının təşkil etdiyi diskotekada da estrada ulduzları çıxış etdilər.

 

Musiqi davam edir...

 

Festival iyulun 28-də sənətçilərin səhnədə birgə ifası və atəşfəşanlıq ilə yekunlaşdı. Sənətçilər Bakı tamaşaçısı ilə vidalaşaraq növbəti ildə mütləq görüşə gələcəklərini vəd etdilər. Vurğulandı ki, bizləri musiqi birləşdirir və bu festival xalqlarımız arasında körpü rolunu oynayır.

Bu dəfə də “JARA 2019” yüksək səviyyədə təşkilatçılığı ilə yadda qaldı. Ənənəsinə sadiq qalaraq həm musiqiçilər, həm də dinləyicilər arasında istilik, doğmalıq yarada bildi.  Qeyd edək ki, ildən-ilə coğrafiyası genişlənə festivalın növbəti ildə Dubayda ikinci dəfə, eləcə də Almaniya, ABŞ və Belarusda keçirilməsi nəzərdə tutulur. Gələn il festivalın 5 yaşı tamam olacaq. Bu dəfə rusiyalı müğənnilərlə yanaşı, Türkiyə, ABŞ və digər ölkələri təmsil edən musiqiçilərin iştirakı ilə də konsert nəzərdə tutulur.

Lalə AZƏRİ