XI Qəbələ Beynəlxalq Musiqi Festivalı bu yayın sənət salnaməsində öz izini qoydu
Xəbər verdiyimiz kimi, iyulun 31-dən avqustun 5-dək Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə XI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib.
Təməlinin qoyulduğu 2009-cu ildən bu yana dünya musiqi xəritəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı bu dəfə də zəngin proqramla sənətsevərlərin görüşünə gəlib. Musiqi bayramına Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunmuşdu.
Festivalın rəsmi açılış mərasimi avqustun 1-də Qəbələ Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
“Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir”, - deyə məktubda vurğulanır.
Qeyd olunur ki, beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Məktubda diqqətə çatdırılır ki, mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprelində V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. İyul ayında Bakı UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. “Nəsimi ili” çərçivəsində payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir: “Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESCO-nun xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm”.
Birinci vitse-prezidentin məktubunda Qəbələ Beynəlxalq Musiqi Festivalının da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi nüfuzunun ildən-ilə artdığı, müxtəlif ölkələrdən musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramının mədəniyyətlərarası dialoqun təşviqinə xidmət etdiyi vurğulanır.
***
Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov əsası Heydər Əliyev Fondu tərəfindən qoyulan festivalın ötən illərdə ölkəmizlə bərabər inkişaf etdiyini deyib: “Dünyanın ən uzaq ölkələrindən – Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir”.
Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib.
Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.
Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Festivalın üçüncü günü – avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə məşhur pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
“Oksana Yablonskaya və dostları” adlı konsertdə SSRİ Xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli çıxış edərək yubilyarın yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, tanınmış pianoçu beynəlxalq müsabiqələrin qalibi olub. Diqqətə çatdırılıb ki, O.Yablonskaya 25 ildir Nyu-Yorkda Culliard Məktəbində dərs deyir, dünyanın bir çox tədris mərkəzlərində ustad dərsləri verib. O.Yablonskaya, eyni zamanda, Bakı Musiqi Akademiyasının dəvətli məsləhətçisi, Qəbələ festivalı çərçivəsində reallaşan piano müsabiqəsinin münsiflər heyətinin sədridir.
Konsertdə Oksana Yablonskaya, ABŞ-dan olan pianoçular Ninq-Vu Du, Helen Sim, Ukraynadan gəlmiş violonçel ifaçısı Yuri Poqoretski və pianoçu İrina Starodub, həmçinin pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, solist Səbinə Əsədova maraqlı proqramla çıxış ediblər. Konsertdə L.Bethoven, F.Şopen, F.Şubert, R.Şuman, S.Raxmaninov, Q.Qarayev və F.Əmirovun əsərləri səsləndirilib.
“Kiyev virtuozları” Qəbələ səhnəsində
Həmin gün axşam Qəbələ Mədəniyyət Mərkəzində tamaşaçılara “Kiyev virtuozları” simfonik orkestrinin konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl Ü.Hacıbəyli adına BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova “Kiyev virtuozları” simfonik orkestrinin fəaliyyəti, konsertdə səsləndiriləcək əsərlər barədə qısa məlumat verib. Bildirilib ki, “Kiyev virtuozları” Ukraynanın ən aparıcı kollektivlərindən biridir. Orkestr milli və beynəlxalq səhnədə dinləyicilərin və tənqidçilərin rəğbətini qazanıb. Musiqiçilərin orta yaşı 30 olan bu gənc orkestr Ukraynanın beynəlxalq müsabiqələr qalibi olmuş istedadlı musiqiçilərini bir araya gətirir. Orkestrin ustalığı bu illər ərzində bir çox beynəlxalq səviyyədə tanınmış solo ifaçıların və dirijorların diqqətini cəlb edib və birgə layihələrdə çıxış etməyə həvəsləndirib.
XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, məşhur violonçel ifaçısı Dmitri Yablonskinin (İsrail-ABŞ) dirijorluğu ilə gerçəkləşən konsertdə solistlər Boris Andrianov (Rusiya) və Toğrul Hüseynlinin (Azərbaycan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
“Kiyev virtuozları” simfonik orkestri avqustun 3-də qonşu Şəki şəhərinə də səfər edərək Heydər Əliyev Mərkəzində konsert verib.
Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov orkestrin dirijoru Dmitri Yablonskiyə xatirə hədiyyəsi təqdim edib.
Kamera orkestrinin konserti
Avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
Kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində konsert verib, beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. 2018-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.
Konsertdə K.Cenkins, F.Şubert, P.Çaykovski, F.Kreysler, Q.Dinniku, P.Hindemit, həmçinin F.Əmirov, Ü.Hacıbəyli və T.Quliyevin əsərləri səsləndirilib. Solistlər – əməkdar artistlər Nərgiz Kərimova (soprano) və Rəna Rəhimovanın (viola), beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın (violin) ifaları alqışlarla qarşılanıb.
Klassik musiqilərlə bir arada muğam axşamı
Ötən illərdə olduğu kimi, bu dəfə də Qəbələ festivalının proqramında muğam konserti yer alıb. Festivalın dördüncü günündə – avqustun 3-də axşam Qəbələ Mədəniyyət Mərkəzində “Naz-nazı” muğam qrupu çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, “Naz-nazı” muğam qrupu 2010-cu ildə tanınmış tarzən, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, Əməkdar artist Malik Mansurovun rəhbərliyi ilə yaradılıb. Milli Konservatoriyanın müəllim və tələbələrindən ibarət muğam qrupu Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərin iştirakçısıdır.
Konsertdə qrupun ifasında “Şur”, tarzən Nurlan Cəbizadənin səsləndirdiyi “Çahargah” kompozisiyaları, xanəndələr Pərviz Qasımov və Gülnar Qüdrətlinin ifasında “Mirzə Hüseyn” segahı, “Şahnaz” muğamı, “Mahur” təsnifi və “Qarabağ şikəstəsi” tamaşaçılara zövq bəxş edib.
İstedadlı gənc muğam ifaçılarını tarda Malik Mansurov, bəm tarda Behrad Bonyadi, kamançada Sevinc Mirzəli, udda Bayram Üzeyirov, qanunda Aynur İsgəndərova, nağarada Ramin Abdullayev, bəm nağarada Şəmsəddin Zərbəliyev müşayiət ediblər.
Gənc ifaçılar və klarnet kvarteti
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert proqramını avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında istedadlı gənc ifaçılar və Azərbaycanın “Clarte” klarnet kvarteti təqdim edib.
Konsertin birinci hissəsində tamaşaçılar pianoçular Fəqan Həsənli, Svetlana Əhmədova, fleyta ifaçıları Nicat Salmanov, Əminə Zülfüqarova, qanun ifaçısı Natəvan Həsənova, solistlər Adil Axundov (tenor) və Taleh Yahyayevin (bariton) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini dinləyiblər.
Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verilib.
Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb, bədii rəhbəri Anar Məmmədovdur. İstedadlı ifaçılar Məmməd Rəcəbli, Emil Bağırov, Məhəmmədəli Paşazadə və Anar Məmmədovdan ibarət kvartet ötən müddətdə tamaşaçı rəğbəti qazanıb.
Konsertdə G.L.Cobbun “Russian Rag”, Vaqif Mustafazadənin “Yollar”, Tofiq Quliyevin “Zibeydə”, İ.Volantenin “American feelinq” əsərləri səsləndirilib. Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.
***
Həmin gün festivalın qonağı – “Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olub.
Festivalın bədii rəhbəri Dmitri Yablonskinin dirijorluğu ilə gerçəkləşən konsertdə kanadalı violonçel ifaçısı Qreys Son, violin ifaçısı Janna Qandelman (İsrail) və pianoçu Nərmin Nəcəfli (Azərbaycan) maraqlı konsert proqramı ilə çıxış ediblər.
Proqram J.Bize, E.Elqar, P.Çaykovski, F.Şopen, P.Sarasate və İ.Ştrausun əsərlərini əhatə edib. Orkestrin və solistlərin budəfəki çıxışı da alqışlar doğurub.
***
Festivalın sonuncu günü – avqustun 5-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.
İki hissədən ibarət konsertin birinci hissəsində tamaşaçılar pianoçular Oksana Yablonskaya, Murad Adıgözəlzadə, violin ifaçısı Janna Qandelman və violonçel ifaçısı Dmitri Yablonskinin ifasında F.Mendelson və İ.Bramsın əsərlərini dinləyiblər.
Konsertin ikinci hissəsində Türkiyənin “Mirakulum” triosu çıxış edib.
Əvvəlcə trionun yaradıcılarından olan pianoçu Aytac Rzaquliyeva kollektivin fəaliyyəti və ifa olunacaq əsərlər barədə qısa məlumat verib. Bildirilib ki, trio 2018-ci ildə violin ifaçısı Mert Özkanın və pianoçunun özünün təşəbbüsü ilə yaradılıb. “Mirakulum” sözünün ingilis dilindən tərcüməsi “möcüzə” deməkdir.
Trionun yaradıcılarından olan Aytac Rzaquliyeva Bakıda anadan olub, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Hazırda Mərmərə Universitetində fortepiano və musiqişünaslıq üzrə dərs deyir.
Qrupun tərkibinə türkiyəli musiqiçilər – violin ifaçısı Doğu Kaptaner və violonçel ifaçısı Firat Semerçioğlu daxildirlər.
Konsertdə D.Şostakoviçin, G.Svirdovun, Q.Qarayevin, A.Piazollanın, İ.Mirzəyev və O.Balcının əsərləri səsləndirilib.
Növbəti festivalda görüşənədək...
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb. Bağlanış mərasimində festivalın təşkilatçı qurumlarının təmsilçiləri, rayon rəhbərliyi, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.
Gecədə “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.
İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə keçən konsertdə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri ifa edilib. Solistlər Mariya Buynosova (Rusiya), Modestas Sedleviçius (Litva) və Umid İsrailovun (Özbəkistan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi”ni ifa ediblər.
Beləliklə, altı gün davam edən musiqi bayramı sona çatıb. Bu dəfə də klassik əsərləri mükəmməl ifada canlı dinləmək imkanı qazandıran festival musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Festivalı həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən çoxlu musiqi həvəskarı izləyib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha təsdiqləyir ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.