Tanınmış rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski Bakıda konsert proqramı ilə çıxış edəcək.
Konsert sentyabrın 20-də Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Proqramda dahi bəstəkarlar Frederik Şopen, Yohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərləri səsləndiriləcək.
Sentyabrın 23-də isə festival çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertində rusiyalı violin ifaçısı Alyona Bayeva səhnəyə çıxacaq.
Gecədə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bəstəkar Azər Dadaşovun “Fortepiano və orkestr üçün konsert”ini, Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini Bakıda ilk dəfə ifa edəcək.
Bundan başqa, konsertin proqramına görkəmli bəstəkarlar Karl Yenkinsin simli orkestr üçün “Palladio” və Paul Hindemitin simli kvartet üçün “Minimax” (Bakıda ilk dəfə) əsərləri də daxildir.