10-11 avqust tarixində Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə “Dünya musiqiləri” adlı etnik festival keçiriləcək.
Festival XVIII əsrə aid unikal malikanənin ərazisində Moskva və Sankt-Peterburq şəhərləri, Rusiya Federasiyasının regionları və müxtəlif ölkələrdən ən yaxşı etno-musiqiçiləri bir araya gətirəcək. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir.
Azərbaycanı festivalda Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edəcək. Bu barədə məlumat verən Mircavad Cəfərov bildirib ki, qrup səfərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gedəcək.
“Cəngi” etno-caz qrupunun tərkibində Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.
Azərbaycanlı musiqiçilər festivalın açılış günü səhnəyə çıxacaqlar. 11 avqustda isə Mircavad Cəfərov 150 nəfərlik auditoriya qarşısında ustad dərsi keçəcək. Ustad dərsində Azərbaycan milli musiqi alətlərindən bəhs ediləcək.
“Cəngi” etno-caz qrupu 1992-ci ildən fəaliyyət göstərir. Qrup repertuarında klassik cazı xalq mahnıları və milli alətlərlə sintez edir. Kollektiv ABŞ, Norveç, Türkiyə, Fransa, Qazaxıstan və digər ölkələrdə festivallarda iştirak edərək tamaşaçılara yüksək zövq yaşadıb. Qrupa 2001-ci ildən tanınmış musiqiçi, ud və tar alətlərinin mahir ifaçısı, Xalq artisti Mircavad Cəfərov rəhbərlik edir. O, Fransa (2014), Qazaxıstan (2016) və başqa ölkələrdə beynəlxalq caz festivallarının iştirakçısı və laureatı olub.
Qeyd edək ki, Sankt-Peterburqda keçirilən “Dünya musiqiləri” etnik festivalı təkcə konsert marafonu deyil. Layihə eyni zamanda yaradıcı ünsiyyət, ustad dərsləri, ekzotik musiqi alətlərində ifaların nümayişi, bu qeyri-adi musiqi alətlərini hazırlayan ustalarla görüşlər və s. yaddaqalan hadisələri özündə cəm edir. Festival həm də müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini əks etdirir.
Festivalın təşkilatçısı Sankt-Peterburq Teatr və Musiqi Sənəti Muzeyidir. Bu muzey dünyanın beş böyük musiqi aləti kolleksiyasından birinə sahibdir. Musiqi bayramına qatılanlar etnik musiqi alətlərini təbii səslə - həm səhnədə, həm də muzeyin ekspozisiyasının interaktiv turlarında dinləyə biləcəklər.
Lalə AZƏRİ