Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (1912-1984) vəfatının 35-ci ildönümü idi.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Niyazinin Fəxri xiyabandakı məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri düzüblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və başqaları çıxış edərək maestronun musiqi tariximizdə yeri və dünya musiqi xəzinəsinə verdiyi töhfələr haqqında danışıb, sənətkarın yaradıcılığından söz açıblar.

Həmçinin maestronun mənzil-muzeyində “açıq qapı” günü təşkil olunub.