Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində Hindistan rəqsi gecəsi təşkil ediləcək. Bu ölkənin “Müstəqillik günü” münasibətilə keçiriləcək tədbirdə “Bihu” Hindistan folklor rəqs qrupu çıxış edəcək. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib. Konsertə giriş sərbəstdir.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi ölkəmizdə fəaliyyət göstərən müxtəlif səfirliklərlə bu qəbildən birgə layihələr həyata keçirir. İndiyədək “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və digər ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Həmçinin İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya və Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.

Hindistan rəqs qrupunun Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışı qarşılıqlı olaraq folklor nümunələrimizin tanıdılması məqsədi daşıyır.

LALƏ