Alman ədəbiyyatı qədim və zəngin ənənələrə malikdir. Bu xalqın görkəmli mütəfəkkir və ədibləri müxtəlif vaxtlarda dünyanın ədəbi-mədəni fikir xəzinəsinə mühüm töhfələr veriblər.

XVIII əsrdə alman ədəbiyyatı maarifçilik ideyalarının təsiri ilə inkişaf edirdi. XVIII yüzilliyin ikinci yarısında və XIX əsrin əvvəllərində ədəbi prosesdə diqqətləri özünə daha çox cəlb edən ədiblərdən biri də dünya şöhrətli şair-dramaturq, yazıçı, mütəfəkkir Yohann Volfqanq Höte idi. Bu il dahi ədibin anadan olmasının 270 illiyidir.

Höte 1749-cu il avqustun 28-də qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Yohann ailədə yaxşı təhsil alıb, 1765-ci ildən Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Fransanın Strasburq şəhərində dissertasiya müdafiə edərək hüquq elmləri üzrə doktor dərəcəsi alıb.

Onun həyat və fəaliyyətinin Veymar dövrü ayrıca mərhələ təşkil edir. 1775-ci ildə Saksoniya-Veymar hersoqu Karl Avqustun çağırışı ilə o, Veymara köçür, sarayda yüksək mənsəb sahibi (nazir və xüsusi şuranın üzvü) olur. Amma 1786-cı ildə Veymar sarayından qaçıb İtaliyaya gedir. Bunu o həm həyatı, həm də ədəbi-bədii fəaliyyəti sahəsində özünün “hicri” (böyük dönüşə səbəb olan köç) adlandırır. Höte ərəb dilində işlətdiyi bu kəlməni həyatının yeni səhifələri ilə bağlı olan bir söz kimi çox sevərdi. O həm də qoca Şərqə aşiq olmuşdu. “Şairlər şahı” adlandırdığı Nizami, Firdovsi, Ənvəri, Rumi, Hafiz, Cami, Sədi yaradıcılığı ilə dərindən maraqlanmış, onların dünyagörüşlərinin dərinliklərinə vaqif olmağa çalışmışdı.

22 mart 1832-ci ildə dünyasını dəyişən Höte ömrünün sonunadək arayıb-axtarıb, yazıb-yaradıb. “Dünyada ən çox öyrənilən 100 tarixi şəxsiyyət”in kataloqunu tərtib etmiş ABŞ-ın Konqres Kitabxanasının araşdırma nəticələrinə əsasən Höte ikinci sırada (Lev Tolstoydan sonra) qərarlaşıb. Kataloq hazırlanarkən həmin şəxslər haqqında yazılan nüfuzlu monoqrafiyalar əsas götürülüb.

 

Avropada “Verter effekti”

 

Höte dünya ədəbiyyatına yön verən, əsərləri ilə bəşəriyyətin yaddaşında iz açmış böyük qələm sahiblərindən, ölməz fikir adamlarından biridir. Onun bir çox əsərləri Avropa romantizminin zirvəsini təşkil edir. Müəllifin “Faust” mənzum faciəsi dünya ədəbiyyatının ən gözəl ədəbi nümunələrindən sayılır. “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanı, “Seçmə oxşarlıq”, “İfigeniya”, “Torkvato Tasso” dramları və digər əsərləri Hötenin zəngin yaradıcılıq nümunələridir.

“Gənc Verterin iztirabları” (1774) Almaniyada romantizm ədəbi cərəyanının erkən mərhələsində qələmə alınıb və yazıçıya böyük şöhrət qazandırıb. Hətta tədqiqatçılar bu romanı romantik hərəkata təkan verən “qığılcım” kimi də səciyyələndirirlər.

Məktublar formasında (epistolyar janr) qələmə alınan romanda alman reallığı fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Əsər müəyyən dərəcədə avtobioqrafik xarakter daşıyır. Müəllif özünün Şarlotta Buffa olan platonik məhəbbətini təsvir edib. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub məhəbbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə əlaqədardır. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa dostu Maksimilane fon Laroşa məxsusdur.

Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimaiyyətə təqdim edilib. Kitabın ikinci nəşri 1787-ci ildə işıq üzü görür. Buna qədər heç bir əsəri Höteyə bu qədər oxucu qazandırmamışdı. Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxardığı üçün sonralar “Verter effekti” anlayışı yaranır. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə romanın nəşri qadağan edilmişdi.

 

Yaşamaq istərsən...

 

Hötenin, demək olar ki, bütün yaradıcılığı boyu üzərində işlədiyi, onun ədəbi irsinin şah əsəri hesab olunan “Faust” faciəsi dünya ədəbiyyatının dəyərli nümunələrindəndir. “Faust” mütəfəkkir ədəbin həyatını, düşüncəsini və bütün şəxsiyyətini ortaya qoyaraq meydana gətirdiyi əsərdir. Müəllif bu əsəri 1772-ci ildə, 23 yaşında yazmağa başlayıb, 1831-ci ildə, ölümündən bir il əvvəl tamamlayıb.

Əsərdə xoşbəxtliyi tapmaq üçün çalışan baş qəhrəmanın başına gələnlər və yaşadıqlarından söhbət açılır. Şeytanla ortaqlıq edən Faust axtardığı ehtiras və sevgini tapmaq üçün müxtəlif yollara əl atır. Höte bu əsərdə bəşəri insan xarakterini və davranışını olduqca geniş bir şəkildə təsvir edir. Əsər xoşbəxtliyi axtarmaq üçün insanın nələr edə biləcəyini təsəvvürümüzə gətirməyimizdə bizə köməkçi olur.

İnsan münasibətlərinin, elmin, ümumbəşəri “fənn” olan fəlsəfənin bütün sirlərinə yiyələnmiş Faustun qarşısında durası yeni bir maneə, konkret desək, heç nə yoxdur. Onun üçün hər “bugünkü” dünənki, hər “sabahkı” bugünküdür. Bir bu qalır ki, rastlaşdığı, yaxud çalışıb əldə etdiyi hər yeni məlumatı xırdalığınadək, qarşılaşdığı insanları “gözünün içinədək” öyrənsin.

Böyük rus şairi A.S.Puşkin “Faust” əsəri haqqında deyib: “İliada” qədim incəsənətin nümunəsi olduğu kimi, “Faust” da yeni dövr ədəbiyyatının nümunəsidir. “Faust” həm dərin milli, həm də bəşəri hissləri ifadə edən bir əsərdir. Şair burada mövcud alman gerçəkliyinə qarşı, fikir azadlığı uğrunda mübarizə edən qəhrəmanının zəngin daxili aləmini açıb göstərmişdir. “Gənc Verterin iztirabları” isə bu humanist ədibi, hələ dünyanın “iç üzünə” nabələd oxucuya, əsl “sadist” kimi də təqdim edir”.

Əsərin leytmotivi, Hötenin əsas qayəsi aşağıdakı misralarda diqqətə çatdırılır. Müəllif baş qəhrəmanın dilindən vətənini, geniş mənada bəşəriyyəti necə görmək arzusunu belə ifadə edir:

...Mən bütün ömrümü verdim bu işə,
Yaşamaq istərsən, vuruş həmişə!
Azadlıq layiqdir o adama ki,
Atılır bu yolda hər an döyüşə!
Olmuşam həmişə mən bu niyyətdə:
Gərək yer üzündə bütün gənc, qoca
Yorulmaq bilməyə həyat boyunca,
Ömrü başa vura fəaliyyətdə!...
Mən qaynar həyatlı azad ölkəmi
Yalnız belə görmək istərdim, inan...

“Faust” faciəsi dilimizə tanınmış şair Əhməd Cəmil tərəfindən uğurla tərcümə edilib. Şairin Bakıda “Şərq-Qərb” nəşriyyatında 2010-cu ildə “Dünya ədəbiyyatı klassikləri” silsiləsindən buraxılmış irihəcmli bircildliyinə “Faust”dan əlavə, Çərkəz Qurbanlının tərcüməsində “Gənc Verterin iztirabları” romanı və müəllifin şeirləri salınıb. Şeirləri dilimizə Ələmdar İsa və Həmid Arzulu çevirib.

Qeyd edək ki, məşhur fransız bəstəkarı Şarl Fransua Quno 1859-cu ildə “Faust” əsəri əsasında 4 pərdəli opera yazıb.

 

Şərqə vurğunluq

 

Höte Şərq dünyasına marağı və rəğbəti ilə seçilən Qərb mütəfəkkiridir. “İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur” qənaətinə gələn ədib fars şairi Hafiz Şirazinin “Divan”ının təsiri ilə “Qərb-Şərq Divanı” adlı silsilə şeirlərini qələmə alır. 65 yaşlı Höte bu əsər üzərində işləyərkən tanınmış şərqşünas professorların köməyi ilə ərəb dilini də öyrənib. O, bu silsilədə həmçinin Avropa üçün sirli və romantik bir aləm olan Osmanlı dövlətinin mədəni  sərvətlərinə xüsusi bir sevgi ilə yanaşıb Höte, eyni zamanda, Hafiz lirikasından da Mariannenin gözəlliyindən odlandığı kimi duyğulanmışdı. Höteyə qədər Şərqlə Qərbin dialoqu çox mərhələlərdən keçib. Özəlliklə Osmanlı həyat tərzindən gələn mövzular türk ruhu Avropada uzun müddət bütün böyük sənət adamlarının rəsm, musiqi, səhnə əsərlərinə, ədəbi əsərlərə hakim olub.

Yohann Volfqanq Höte bəşəriyyəti düşündürən, insanları təhlükələrdən çəkindirən qiymətli əsərləri ilə bütün zamanlarda oxunacaq, seviləcək.  

Aynurə ƏLİYEVA